AZ

Ağcabədidə qızdırmadan ölən məktəblinin bu gün doğum günü İMİŞ – Babasından AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Ağcabədi rayonunun Ağabəyli kəndində məktəbli vəfat edib.

2015-ci il təvəllüdlü Aytac Novruzovanın yüksək qızdırmadan vəfat etdiyi bildirilir. Bəziləri isə məktəblinin ölümünə hazırda ölkədə yayılan kəskin respirator virus infeksiyasından dünyasını dəyişdiyini qeyd edirlər.

Dünən səhər saatlarında vəfat edən məktəblinin babası Heydər Hüseynov Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbli qız qızdırmadan HƏYATINI İTİRDİ


Uşağın bu gün doğum günü olduğunu deyən babası onun da digər uşaqlar kimi arada qrip olduğunu, öskürdüyünü, qızdırması olduğunu deyib:

“Uşaq çöldə çıxıb, hərlənirdi. Aramızda heç 30 metr məsafə yoxdur, elə söhbət arasında nənəsinə deyib ki, böyrüm ağrıyır. Çıxıb gedib. Qızım da gecə 4-də zəng edib ki, ana, tez gəlin Aytac ölür. Getdim ki, uşaq keçinib. Sən demə, uşağın daxildə temperaturu var imiş. Mən elə başa düşürəm ki, qız qıcolma (sudurqa) keçirib”.

O, uşağın ürəyində heç bir problem olmadığını qeyd edib:

“Bundan xeyli qabaq həkimə aparmışdılar, camat kimi qripə, qızdırmaya qarşı resept yazırdılar, müalicə olurdu. Necə oldusa, bu, birdən-birə getdi. Qızdırmadan dil qatdanıb. Həkimin dediyinə görə, qızdırma olub ağciyərinə vurub, ağciyəri qaraldıb. Morqda belə dedilər ki, uşağı qızdırma aparıb”.

Kəndin icra nümayəndəsi İlham Mamedov isə açıqlamasında uşağın daxili orqanlarına su yığıldığını bildirib:

“Ürək dözməyib dayanıb. Gecə saat 4-də rəhmətə gedib. Mən də morqda oldum. Əgər daxili orqanlarda maye yığılıbsa, çox güman ki, temperatur da yüksək olub”.

Ailənin maddi vəziyyətinin həddən artıq aşağı olduğunu deyən icra nümayəndəsi valideynin imkansızlıqdan həkimə müraciət etmədiyini deyib:

“Kənddəki tibb məntəqəsi ilə qonşudurlar. Amma heç müraciət etməyiblər. Həmişə valideynlər, elə uşağın anası da tibb məntəqəsinə müraciət edib. O da çox qayğıkeş qadındır, gedib, baxıb. Daxili orqanlarına mayenin yığılmasını yəqin ki, valideyn bilməyib. Yəni bir var tibb məntəqəsində temperatur ölçülə, ilkin tibbi yardım göstərilə, bir də var mütəxəssisə müraciət edə, analizlərdən keçə. Belə bir şey olmayıb. Ailə çox kasıb ailədir, çox güman ki, utandığından, pulsuzluqdan ehtiyat edib müraciət etməyib. Uşaq çox yaxşı, ağıllı, savadlı, fərqlənən uşaq idi”.

Günay Şahmar, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr