İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən çıxarılıb, baş tibb bacısı vəzifəsindən azad edilib
Ölkə.az xəbər verir ki, bununla bağlı "German Hospital"ın direktor müavini Səftər Əliyev Oxu.az-a beş nəfərdən ibarət komissiyanın apardığı araşdırmanın nəticəsini açıqlayarkən deyib.
O bildirib ki, həkim Ləman Əliyeva əməliyyatxanadan cavabdeh şəxs kimi səhvə yol verib:
"Ləman Əliyeva həkim kimi bizə heç zaman problem yaratmayıb. Nə də xəstələri ilə heç bir problemi olmayıb. Məlum məsələ elə bir hadisədir ki, həkimin burada səhvi var. Həkimin səhvi ondan ibarətdir ki, əməliyyatxanadakı əsas işi aparan, cavabdehlik daşıyan şəxs həkimdir.
Böyük tibb bacısı, həmçinin digər tibb bacıları da əməliyyat blokunun tibb bacıları olmalarına baxmayaraq, həkim onları dərhal kənarlaşdırmalı, əməliyyatxananı tərk etmələrini söyləməli idi. O bunu etməyib. Bundan savayı, öz rəsmi səhifəsində paylaşıb. Paylaşılmasa da, bütün bunlar cəzasız qalmayacaqdı.
İctimaiyyət də paylaşıma öz fikrini bildirib. Rəyləri oxuyuram, deyirlər ki, həkimin günahı yoxdur. Amma həkimin günahı var. Biz həkimlə iş birliyimizi sonlandırmaq qərarına gəldik. Onun ərizəsi alınıb və işdən azad edilib. Həkim bizim klinikada çalışmır və çalışmayacaq".
Direktor müavini digər işçilər barəsində yekun nəticəni də bölüşüb:
"Digər işçilərdən böyük əməliyyat tibb bacısı vəzifəsindən azad edilib. Faktiki olaraq, əməliyyat blokuna, əməliyyatxanadakı tibb bacılarına cavabdehliyi o daşıyır. Kiçik əməliyyat tibb bacılarının rəsmi qaydada izahatları alındı, töhmət verildi. Həmçinin, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) dərhal plandankənar yoxlama başlatmışdı. Onlar buraya gəldilər, dörd nəfər barəsində protokol tərtib olundu, 500 manat məbləğində cərimə edildilər.
Paralel olaraq, digər klinikamızın üç əməkdaşı, hansı ki, əməliyyatxanada olmayıb, videoda da yoxdur, sadəcə, bu işlərə nəzarət etməli idilər deyə onlara şifahi xəbərdarlıq olundu.
Hadisədən iki gün sonra rəhbər şəxs olaraq məni və həkim Ləman Əliyevanı Səhiyyə Nazirliyinə çağırdılar. Bu məsələyə çox ciddi yanaşırlar. Biz səhvimizi anlayırıq. Ona görə də onlar da bütün iradlarını bildirib, qanunvericiliyin gücünü göstərdilər. Araşdırma Səhiyyə Nazirliyində aparılır. Onlar nə qərar versələr, bununla razılaşmaqdan başqa bir yolumuz yoxdur".
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.