AZ

Çexiyadan Rusiyaya zərbə: Tam hazırıq...

Çexiya Rusiyadan “Drujba” kəməri ilə yanacağın tədarükü dayandırılacağı təqdirdə alternativ mənbələrdən neft idxalına tam hazırdır.

Musavat.com xəbər verir ki, bunu ölkənin baş naziri Petr Fiala deyib.

Onun sözlərinə görə, idxal TAL TransAlp kəmərinin qərb marşrutu və ona qoşulan Almaniyanın IKL xətti ilə təmin ediləcək.

Mətbuat konfransında çıxışı zamanı o, lazım olan bütün işlərin yekunlaşdığını bildirib:

“Bu onunla bağlıdır ki, biz TAL boru kəmərinin ötürmə qabiliyyətini artırmışıq. Boru kəmərinin ötürmə qabiliyyətinin artırılması Çexiyanın Nelahozeves Mərkəzi Neft Yükləmə Stansiyasını əlavə 4 milyon ton neftlə təmin edəcək”.

Fialaya görə, Çexiya beləliklə, ildə 8 milyon tona qədər neft idxal edə biləcək ki, bu da ölkənin neft emalı zavodlarının ehtiyaclarını tam ödəyəcək.

Siyasətçi onu da qeyd edib ki, enerji təchizatının diversifikasiyası xərcləri 1,6 milyard çex kronuna (65,2 milyon dollar) başa gələ bilər, lakin ölkənin büdcəsinə “birbaşa təsir” göstərməyəcək.

Onun sözlərinə görə, xərclər IKL neft kəmərini və “Drujba”nın Çexiya hissəsini idarə edən Mero R şirkətinin gəlirləri hesabına ödəniləcək.

Qeyd edək ki, Çexiya Azərbaycan neftinin əsas alıcılarından biridir. Ötən ilin 11 ayında ölkə 1 milyon 583 min 207.32 ton Bakı nefti almaqla belə alıcılar arasında ikinci yerə yüksəlib.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr