AZ

Siyasi gərginliyin iqtisadi təsiri: İran Milli Bankının Bakı filialı bağlanır? 

Son dövrlərdə Azərbaycan və İran arasındakı siyasi əlaqələrdə yaşanan gərginlik bir sıra sahələrdə təsirini göstərməyə başlayıb. Bu gərginliyin iqtisadi münasibətlərə, xüsusilə də maliyyə sektoruna təsiri suallar doğurur. İran bankının Bakı filialının son dövrlərdə fəaliyyətinin kiçilməsi də diqqətləri bu mövzuya yönəldib. Bəs siyasi gərginlik bir bankın bağlanmasına səbəb ola bilərmi? Yoxsa bu qərar sırf iqtisadi və qanunvericilik tələblərindən irəli gəlir? Mərkəzi Bank qarşısında hər bir bankın öhdəlikləri nələrdir və İran bankı bu öhdəlikləri yerinə yetirə bilirmi?
Bu barədə Moderator.az- a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, İran Milli bankının Bakı filialı uzun illərdir ki, zərərlə işləyir:
“”Bank Melli İran”ın Bakı filialı normal bank qaydaları əsasında fəaliyyət göstərsəydi, İran tərəfindən çoxdan bağlanardı. İranın dövlət strukturlarına bağlı bir bank olduğu üçün  zərəri İran dövləti qarşılayır. Ümumiyyətlə, İran  öz iqtisadi fəaliyyəti çərçivəsində həmin bankın Azərbaycanda qalmasında maraqlıdır. Ona görə də  “Bank Melli İran”ın Bakı filialı nə qədər zərərlə işləsə də, həmin bankın bağlanması ilə bağlı İran hökuməti qərar vermir. Bütün banklara eyni tələblər irəli sürülür və həmin tələblərə cavab verməyən bankların Azərbaycan ərazisində bağlanmasına Mərkəzi Bank qərar verə bilər. Görünən odur ki,”Bank Melli İran”ın Bakı filialında  Mərkəzi Bankın standartlarına uyğun ciddi pozuntular yoxdur. Bankla bağlı ciddi pozuntular olsa, İran hökumətinin mövqeyinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankı həmin bankı bağlaya bilər”.
 
İqtisadçı əlavə edib  ki, "Bank Melli İran" Bakı filialı ilə yanaşı, ümumilikdə Azərbaycandakı bank bazarında hansı bankların bağlanacağı barədə dəqiq proqnozlar vermək çətindir:
“Son illər kiçik və problemli bankların bazardan sıxışdırılaraq çıxarılması prosesi davam edir, amma hansı bankların bu prosesə daxil olacağı barədə mülahizələr aparmaq, həm çətin, həm də doğru olmazdı. Çünki bu, maliyyə bazarlarında ciddi təlatümə səbəb ola bilər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr