AZ

Paşinyanın “təklif”ləri, yoxsa sülhdən qaçma? - ŞƏRH

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun buraxılması və beynəlxalq məhkəmələr, qarşılıqlı iddialardan imtina da daxil olmaqla Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini sosial media hesabında paylaşıb. Həmin təkliflərdən bəzilərinə diqqət yetirək. “Qərbi Ermənistan Armavir, Talin və Maralikdir. Bunun xaricində Qərbi Ermənistan yoxdur və ola da bilməz” deyən Nikol Paşinyan bildirib ki, guya rəsmi Bakı  Qərbi Azərbaycan məsələsi ilə beynəlxalq hüququn subyekti olan Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa və bu ölkəyə qarşı  ərazi iddiaları irəli sürməyə çalışır. Hətta o, rəsmi Bakıya Qərbi Azərbaycan terminindən imtinanı "tövsiyə" edir. Halbuki, tarixi "Qərbi Azərbaycan" anlayışı Göyçə, Qərbi Zəngəzur, Dərələyəz kimi mahalların Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutmur, 1988-ci ilə qədər indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların geridönüşünü təsbit edir. Bu mənada Paşinyan hələ də anlamır ki, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Digər tərəfdən,  Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Bu, həm də bütün bəşəri norma və prinsiplərə uyğun bir tələbdir.

Paşinyana bir daha xatırlatmaq istərdik ki,  yalnız 1948–1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987–1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur. Bu mənada əminliklə demək olar ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bunu sübut edən kifayət qədər faktlar da mövcuddur. Bu yerdə Prezident İlham Əliyevin yanvarın 7-də  yerli televiziya kanallarına müsahibəsindəki bu sözlərini xatırlatmaq yerinə düşər: “Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi.” Bu mənada Paşinyanın söylədikləri indiki Ermənistan ərazisində doğma torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüquqlarını tapdalamaqdan, onlarla dialoqun hər vəchlə qarşısını almaqdan, Azərbaycan ərazilərini “erməniləşdirmək”dən  başqa bir şey deyil. Amma Ermənistan unutmasın ki, bu məsələ heç bir zaman rəsmi Bakının gündəliyindən çıxmayacaq. Dövlətimizin başçısının vurğuladığı kimi, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.

2018-2019-cu illərdə Azərbaycanın ünvanına “qazlı-qazlı” ultimatum verən,  Cıdır düzündə üzünü Bakı səmtinə tutub əzələ nümayiş etdirən Paşinyanın digər “təklif”lərindən biri də “90 faiz hazır olan sülh müqaviləsini imzalamaq”dır. Bununla da o, sülh sazişi mətninə daxil edilən  əsas müddəaları arxa plana keçirmək istəyir.  Göründüyü kimi, rəsmi İrəvan siyasi riyakarlığını gizlətməkdən ötrü min bir oyundan çıxmaqda davam edir. Daha doğrusu, Ermənistan rəsmisi istəyir ki, hansısa kağız parçasına qol çəksin və bununla da işi bitmiş hesab etsin. Fransa başda olmaqla Qərb dövlətlərindən, o cümlədən Hindistandan silah-sursat alan, hərbi arsenalını genişləndirən,  şərti sərhəddə mövqelərimizi atəşə tutan, Makronun təkidi ilə şərti sərhəddə casusluqla məşğul olanAvropa İttifaqının (Aİ) “mülki missiya”sını yerləşdirən, tərəfdarları ilə hərbi bloklar yaratmaq istiqamətində addımlar atan Ermənistan artıq neçə aydır ki, “yarımçıq sülh” imzalamaq sevdasına düşüb. Şübhəsiz, təcavüzkar ölkəni buna təhrik edənlər elə onun havadarlarıdır. Görünür, belə yarımçıq sülh onların Cənubi Qafqazdakı maraqlarına tam cavab verir. Elə bu kimi səbəblərdən qonşu ölkələrin ərazilərinin işğalı ilə “böyük Ermənistan” yaratmaq niyyətindən hələ də əl çəkməyən Ermənistan ölkəmizə qarşı, eləcə də bölgədə sülhü təhdid edə biləcək revanşizm meyillərinin qarşısını almağa zəmanət vermək istəmir.

Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun hər hansı bir fövqəladə məsələnin əks olunmadan irəli sürdüyü şərtlər yerinə yetirilmədən, ən əsası  Ermənistan Konstitusiyasından Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları çıxarılmadan sülh müqaviləsi mümkün deyil. Çünki Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi ilə bağlı erməni xalqının aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən gələcək hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər. Elə bu  səbəbdən Azərbaycana  belə bir sülh lazım deyil. Çünki başqa sülh, əgər belə demək mümkünsə, əslində, sülh də deyil.  Bu mənada dövlət başçımızın vurğuladığı kimi, belə yarımçıq “sülhü”u imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.

Üstəlik, Paşinyan yenidən vurğulayıb ki, guya bu prosesdə onun regional sülh gündəliyinin tərkib hissəsi adlandırdığı “Dünya kəsişməsi” və ya “Dünya qovşağı” layihəsi önəmli rol oynaya bilər.  Halbuki, mahiyyətcə ölkəmizin “Zəngəzur dəhlizi” ideyasına zidd olan, havadan asılı qalan bu utopik layihənin “təqdimatından” bir ildən çox keçsə də, onun reallaşacağına nə Ermənistanda, nə də xaricdə inanan var. Hətta Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan  bir neçə gün öncə sözügedən layihənin heç bir perspektivinin olmadığını söyləyib: “Paşinyanın Ermənistanı “sülh yollarının qovşağı” kimi göstərməsi də boşdur. Ermənistandan tamamilə yan keçən regional kommunikasiya dəhlizləri artıq layihələndirilib və yekunlaşdırılıb”. Bəli, bu zavallı hələ də anlamır ki, Azərbaycan və Türkiyə olmadan bölgədə hər hansı layihənin reallaşması mümkün deyil. Bakı üçün Paşinyanın dediyi şərtlərlə həmin layihədə iştirak məqbul sayılmır.

Xatırladaq ki, Ermənistan rəhbərliyinin irə¬li sürdüyü layihə guya ölkəni Fars körfəzindən Qara dənizə, Türkiyədən Xəzər dənizinə, oradan da Orta Asiyaya gedən yolların qovşağına çevirir. Amma fakt odur ki, burada, Azərbaycanın Naxçıvana gedən yola əhəmiyyət verilməyir. Bu da əslində nəyin bahasına olursa-olsun, Azər¬baycana qarşı çıxmaqdan başqa bir şey deyil. Halbuki, Zəngəzur dəhlizi ideyası İkinci Qarabağ müharibə¬sinin nəticələrini əks etdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gəlir.  Belə ki, həmin sənəddə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun olması təsdiqləməkdədir. Bu məqamda da Prezident İlham Əliyevin bu fikirlərinə müraciət etmək istərdik: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib.” Amma Paşinyan buna məhəl qoymur.  Yeri gəlmişkən qeyd edək ki, hazırda Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində bunker və hücum istehkamları inşa edir. Ekspertlərin fikrincə, bu da Ermənistanın sülh danışıqları adı altında yeni eskalasiyaya hazırlaşmasından xəbər verir.

Paşinyan, həmçinin həbs edilmiş şəxslərin məsələsini hərtərəfli həll etmək məsələsini də ortaya atıb. Halbuki, soydaşlarımıza qarşı misli görünməmiş  təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər  törətmiş həmin şəxslərin məsələsinə bu günlərdə Bakı Hərbi Məhkəməsində baxılacaq. Müttəhimlər kürsüsündə oturanlar ədalət mühakiməsi qarşısında cavab verəcək və beynəlxalq hüquq normaları çərçivəsində layiqli cəzalarını alacaqlar. Bununla da bütün şəhidlərimizin, həmçinin soyqırımlarına məruz qalmış soydaşlarımızın ruhları rahatlıq tapacaq.

Bir daha qeyd edək ki, Paşinyan bu kimi təkliflərlə  havadarlarının təhriki ilə yeni oyuna başlamağa cəhd edib. Bununla da o, bir daha Ermənistanın  sülhə hazır olmadığını açıq-aydın nümayiş etdirib. Bütün bunlar isə nə ölkəsini sürətlə silahlandıran, özündən sülh göyərçini düzəltmək istəyən Nikol Paşinyana, nə də erməni xalqına yaxşı heç nə vəd etmir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr