AZ

Baydenin son qərarları Trampın əlini gücləndirəcəkmi? – Politoloq RƏYİ  

“Co Bayden Ağ Evi tərk etməsinə bir neçə gün qalmış yeni Prezident Donald Trampın yaxın tərəfdaşı İlan Maska qarşı sonuncu həmləsini həyata keçirib. “Bloomberg” agentliyinin məlumatına görə, Ağ Evin təlimatıyla Ticarət Nazirliyi Rusiya və ya Çin texnologiyalarından istifadə edilərək istehsal edilmiş internet bağlantılı minik avtomobillərinin idxalını və satışını qadağan edib. Ağ Ev bu qərarı ABŞ-ın infrastrukturuna və ictimai təhlükəsizliyinə təhlükə yaradan kibercasusluqdan və Çinin müdaxilə əməliyyatlarından qorunmaqla əlaqələndirib”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Bəs Baydenin son qərarları Trampın əlini gücləndirəcəkmi?

Politoloq mövzunu bu cür şərh edib:

“Məlumdur ki, İlon Maskın elektrik avtomobillərin istehsalı və satışı sahəsində Çinlə əməkdaşlığı mövcuddur. Bundan başqa süni intellekt çiplərinin ixracını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş yeni qaydaları açıqlanıb.

Bayden administrasiyasının əməkdaşları son qərarın üzərində bir il çalışıblar. Administrasiya mənsubları hesab ediblər ki, internetə çıxışı olan smart- avtomobillər məxfi məlumatları, o cümlədən avtomobilin sahibi haqqında bilgiləri toplaya bilər.   ABŞ-ın yeni Prezidenti Donald Tramp Çinə qarşı sərt iqtisadi siyasət yürüdəcəyini bəyan etsə də, Baydenin son qərarlarından imtina edə də bilər. Bu zaman İlon Maskın hansı mövqedən çıxış edəcəyi maraqlıdır. İlon Mask Trampın Çinə qarşı qərarlarını dəstəkləsə də, bu onun Çindəki iqtisadi maraqlarına mənfi təsir edəcək. 

Bu arada, Donald Trampın iqtisadi sahədə ilk addımların nədən ibarət olacağı ətrafında müzakirələr səngimir. Amerikanın federal borcu 35 trilyon dollara qədər artıb ki, bu da ölkənin ümumi daxili məhsulundan çoxdur”.

Elxan Şahinoğlu qeyd edib ki, Baydenin dövründə ABŞ-ın xalis xarici investisiya mövqeyi rekord sürətlə aşağı düşüb:

“Tramp idxal-ixrac əməliyyatlarının Amerikanın xeyrinə dəyişdirilməsi üçün addımlar atacaq. Əsas hədəf Çin olacaq. Çinin ABŞ-a ixracı ildən ilə aşağı düşür. Buna görə də Çin son illərdə ABŞ bazarından birbaşa asılılığı xeyli azaldıb və Çinin ixracı qlobal Cənuba keçib. Ancaq Çinin ABŞ bazarından dolayı asılılığı hələ də böyükdür”.

Xalidə Gəray
Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr