Ermənistan Müdafiə Nazirliyinin Kapital Tikinti və Qoşunların Yaşayış İdarəsində baş verən iddia olunan qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarında ciddi məxfilik şəraitində cinayət işi araşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzet yazır ki, bu barədə ilin sonunda məlumat versə də, rəsmi təsdiq alması mümkün olmamışdı. Hazırda isə Ermənistanın Antikorrupsiya Komitəsini bu işi təsdiqlədiyi bildirilir.
“Komitənin icraatında belə bir iş var. İttiham olunanlar və həbs olunan şəxslər mövcuddur. Ətraflı məlumat istintaq bitdikdən sonra açıqlanacaq”, – deyə Komitədən bildirilib.
KİV əlavə edib ki, qeyri-rəsmi, lakin dəqiq məlumatlara əsasən, sözügedən iş üzrə 7 nəfər ittiham olunur. Onların arasında idarənin əməkdaşları da var. İttiham olunanlardan 5-6 nəfər həbs edilib, bir qismi ev dustaqlığındadır. Nəticədə Müdafiə Nazirliyinin Kapital Tikinti İdarəsinin fəaliyyəti tamamilə iflic vəziyyətinə düşüb.
İddia olunur ki, idarə rəisinin vəzifələrini icra edən Vaqe Stepanyan artıq işə çıxmır. Böyük ehtimalla, məhz o, korrupsiya cinayətlərinə görə əsas günahkar elan ediləcək.
Müdafiə Nazirliyindən bu barədə verilən suala belə cavab verilib:
“Başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub”.
Nəşr on uda vurğulayıb ki, bu yanaşma müdafiə naziri Suren Papikyanın idarəçilik üslubuna tam uyğundur:
“Ən yaxın adamlarını xilas etmək mümkün olduqda, məsuliyyəti üçüncü və ya dördüncü dərəcəli şəxslər daşıyır. Eynilə onun mühafizə rəisinin başına gələnlərdə olduğu kimi. Sentyabrda Çinə səfəri zamanı baş verən və uzun müddət gizli saxlanılan qalmaqallı hadisə Müdafiə Nazirliyinin dəhlizlərində müzakirə olunurdu. Səfərdən qayıdarkən, təyyarədə nazirin mühafizə rəisi bir stüardessanı təhqir edib, hətta ona “əl uzatmağa” cəhd edib. Şikayətlərdən sonra Papikyan mühafizə rəisini Dövlət Mühafizə Xidmətinə geri göndərdi. Nazirliyin açıqlamasına görə, işdən azad edilənlərin siyahısı təkcə məlumatlarla məhdudlaşmır. Eləcə də struktur dəyişiklikləri ilə bağlı digər vəzifələr də ixtisar edilib”.
Rafi Müslümov