Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən KAAN döyüş təyyarəsinin ikinci prototipinin ilk dəfə görüntüsü paylaşılıb.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, ikinci prototipin görüntüsü 2024-cü ilin qiymətləndirilməsi və 2025-ci ilin hədəfləri ilə bağlı keçirilən mətbuat konfransı çərçivəsində Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün tərəfindən paylaşılıb.
KAAN-ın ikinci prototipində birinci prototiplə müqayisədə əhəmiyyətli konstruktiv dəyişikliklərin olduğu, xüsusilə də təyyarənin burun hissəsinin kiçildildiyi müşahidə edilib.
Qeyd edək ki, hazırda inkişaf prosesi davam etdirilən KAAN-ın 2-ci və 3-cü prototipi də istehsal olunmaqdadır. Ümumilikdə döyüş təyyarəsinin 6 prototipinin istehsal olunması və onlarla müxtəlif sınaqların həyata keçirilməsi planlaşdırılıb. Bütün bu sınaqlar bitdikdən sonra onun seriyalı istehsalına başlanacaq və TUSAŞ şirkəti tərəfindən 2028-ci ildə Türkiyə HHQ-yə 20 ədəd KAAN döyüş təyyarəsi təhvil veriləcək. Blok 10 versiyasında olacaq bu təyyarələr F-35-in alt və F-16-nın yuxarı seqmenti olacaq. 5-ci nəsil KAAN-lar isə 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil ediləcək.