AZ

“Expressbank”da yüksək kredit faizləri, şişən vaxtı keçmiş kredit portfeli- Əhalinin şikayət etdiyi bank

Mərkəzi Bank ötən ilin dekabr ayı üzrə "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi"ni dərc edib. “Expressbank” əhalinin şikayət etdiyi banklar sırasında yer alır. Maliyyə bazarında borc təklifi, eləcə də “sərfəli” şərtlərlə əmanət cəlbi ilə aktiv rol oynamağa çalışan bank fəaliyyətini daha çox qazanmağa kökləyib. Səbəb də son illər maliyyə qurumunun yaşadığı likvidlik problemidir.

Teleqraf.com xəbər verir ki, ötən ilin üçüncü rübündə “Expressbank” müştərilərə 468 milyon 202 manat kredit verib. İlin sonu ilə müqayisədə kreditləşmə 58 milyon 949 min manat artıb. Bank biznes, istehlak, eləcə də daşınmaz əmlak kreditlərini artırıb. Nəticədə iri kredit borclarının məcmu kapitala nisbəti 8,77% təşkil edib. Bankın ayırdığı 468 milyon 202 manat kreditin 308 milyon 413 min manatı isə Bakının payına düşüb. Bu da kreditləşmənin 65,87% deməkdir. Yəni bankın verdiyi hər 100 manat kreditin 66 manatı Bakının payına düşür. Bir sözlə bank kredit portfelini proposional bölüşdürməyib.

Vaxtı keçmiş kreditlərin həcmi artıb

Yeri gəlmişkən, “Expressbank”ın kredit portfeli şişdiyi kimi vaxtı keçmiş kreditlərin həcmi də artıb. 7 milyon 100 min manat kreditin vaxtı keçib. Xüsusilə istehlak kreditlərindəki gecikmələrin payı daha yüksəkdir. İstehlak kreditləri üzrə gecikmələr kreditlər portfelinin 0,98 faizini təşkil edir. Nəzərə alsaq ki, vaxtı keçmiş kreditlər portfelin 1, 52 faizinə bərabərdir, bank əhaliyə verdiyi borcu geri almaqda çətinlik yaşayır. Xüsusilə fiziki şəxslərə verilən kreditlərin 4 milyon 801 min manatının vaxtı keçib. Ümumilikdə vaxtı keçmiş 7,1 milyon mant kreditin 3 milyon 952 min manatı paytaxtda verilən kreditlərin payına düşür. Xatırladaq ki, ilin əvvəlində vaxtı keçmiş kreditlərin məbləği 5 milyon 954 min manat olub. Bankın kredit portfeli böyüdükcə, problemli kreditlərin həcmi də şişib.

Bundan əlavə, 468 milyon 202 manat kreditin 214 milyon 183 min manatı təminatsızdır və 213 milyon 807 min manatı isə əmlakla təmin edilib. Verilən kreditlərin böyük hissəsi isə uzunmüddətlidir. Konkret olaraq bir ildən beş ilə qədər. Bankın reklam kampaniyalarında biznes kreditləri üzrə xüsusilə mikro kredit istiqamətində fəaliyyətin genişləndirildiyi, bununla real sektora dəstəyin artırıldığı bildirilsə də, paralel olaraq istehlak kreditləşməsini də artırdığı qeyd olunur. Məsələn, son bir ildə “Expressbank” biznes kredit portfelini 24% artıraraq, 140 mln. manata yüksəldib. İstehlak kreditləri də 2024-cü ilin noyabrında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq, 215 milyon 420 min manata çatıb.

Şirkətlər bankdan pullarını geri çəkir

Hesabat dövründə Bankın depozit portfeli 236.5 milyon manata çatıb. Əhalinin “Expressbank”a yatırdığı əmanətlərin həcmi 24% artıb və 189 mln. manat təşkil edib. Əvəzində hüquqi şəxslərin əmanətlərinin həcmi azalıb. Bu portfel kiçilərək, 78 milyon 276 min manatdan 46 milyon 979 min manata düşüb. “Expressbank”ın maliyyə hesabatlarından aydın olur ki, müştərilərin depozitlərinin böyük hissəsi – 95 milyon 504 min manatı tələbli depozitlərdir. Yəni müştərilər vəsaitlərini qeyri müəyyən müddətə banka yerləşdiriblər. İstədikləri anda həmin vəsaiti bankdan çıxara bilərlər. Onu da vurğulayaq ki, belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. Müddətli depozitlərin həciminə gəlincə, ilin əvvəli ilə müqayisədə onların həcmi artıb. Lakin bunda da dollarla depozit cəlbi rol oynayıb.

Bankın ticari və investisiya qiymətli kağızlara yatırımları isə azalıb. Qiymətli kağızlar üzrə aktivlər 2024-cü ilin 10 ayında ilin əvvəlindəki 51 milyon 930 min manatdan 29 milyon 134 min manata düşüb. Paralel olaraq, bu yöndə faiz gəlirləri də düşüb. 2023-cü ilin noyabrındakı 3,2 milyon manata qarşı 2024-cü ilin müvafiq dövründə 1,9 milyon manat olub. Banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmində də kəskin azalma olub. Ötən ilin əvvəlindəki 31 milyon 898 min manatdan ilin üçüncü rübündə 5 milyon 862 min manata düşüb. Bu faiz gəlirlərinə də təsir gösətərib. “Expressbank”ın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2023-cü ilin noyabrındakı 1,6 milyon manatdan 2024-cü ilin müvafiq dövründə 412 min manata enib.

Bankın komissiya gəlirləri artasa da, xarici valyutadan gəlirləri azalıb. Bu da vətəndaşların xarici valyutalarla bağlı banka müraciətlərinin aşağı düşməsi deməkdir. Yəni bank xarici valyutalar üzrə daha yüksək marj siyasəti həyata keçirir. Ona görə də insanlar prosesdə aktiv iştirak etmirlər.

Yüksək kredit siyasəti bankın müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirlərini artırıb. Lakin depozitlər, Mərkəzi Bank və dövlət fondları qarşısında öhədlikləri üzrə faiz xərcləri də yüksəlib.

Beləliklə 2024-cü ilin üçüncü rübündə “Expressbank”ın xalis mənfəəti azalıb. 2023-cü ilin üçüncü rübündəki 9, 967.81 min manatdan 2024-cü ilin müvafiq dövründə 9, 175.38 min manata düşüb. Mənfəət vergisindən əvvəlki gəliri 11 milyon 523 min manat olub. 2023-cü ilin hesabat dövründə bu rəqəm 12 milyon 440 min manat idi.

Kənar auditorun bədbin hesabatı

Bankın vəziyyəti ilə bağlı kənar audit təşkilatının 2023-cü il hesabatına nəzər yetirdikdə, aydın olur ki, son iki ildə maliyyə qurumunun mənfəəti azalan istiqamət götürüb. 2023-cü ilin sonuna “Expressbank”ın vergidən əvvəl mənfəəti azalaraq, ilin əvvəlindəki 18 milyon 424 min manatdan 17 milyon 750 min manata düşüb. İl üzrə xalis mənfəəti 14 milyon 458 min manatdan 13 milyon 766 min manata enib. Bankən il üzrə məcmu gəliri 425 min manat azalaraq, 14 milyon 33 min manat olub.

“Expressbank”ın 2023-cü ildə cəmi aktivlərini 2022-ci illə müqayisə etsək, 125 milyon 834 min manat artım olduğunu görərik. Halbuki bank 2024-cü ilin 10 ayında cəmi 13 milyon, 437 min manat artıma nail olub. Bu da əsasən müştərilərə verilən kreditlərin hesabına baş verib. Bankın ticarət və qiymətli kağızlar, digər maliyyə institutlarındakı depozitləri, maliyyə institutlarına verdiyi kreditləri, əmlak və avadanlıqları, qeyri-maddi aktivləri 2023-cü illə müqayiəsədə 2024-cü ilin 3-cü rübündə azalıb. Nəzərə çatdıraq ki, daşınmaz əmlak, qiymətli kağızlar, depozitlər bank aktivlərində vacib rol oynayır. Bunun da səbəbi qazanc gətirmələridir.

2023-cü ildən başlayaraq bankın öhdəlikləri artıb. Audit hesabatı göstərir ki, müştərilərə və kredit təşkilatlarına ödəniləcək digər borc alınmış vəsaitlər 2022-ci illə müqayisədə yüksəlib. Bankın qeyri-faiz gəlirləri ildən-ilə azalıb. 2022-ci ildəki 18 milyon 216 min manatdan 2023-cü ildə 16 milyon 679 min, 2024-cü ildə isə 15 milyon 293 min manat olub. Əvəzində qeyri-faiz xərcləri yüksəlib. 2022-ci ildə 39 milyon 791 min manatdan, 2023-cü ilin sonuna 42 milyon 219 min manata çatıb. Bu da bankın məfəət marjasının azalmasını şərtləndirib. Yeri gəlmişkən, qeyri-faiz xərclərinin strukturunda əsas pay sahibi olan əmək haqqı və komissiya xərcləri xüsusi rol oyanıb.

Ağır kredit şərtləri

“Expressbank” yeni il münasibətilə nağd pul krediti faizlərinə illik 5%-dək endirim adı altında kampaniya reallaşdırdı. Belə ki, kampaniya çərçivəsində bankdan 70 min manatadək kredit endirimlə illik minimum 9,9% ilə təklif olunurdu. Üstəlik borcun əsas məbləği üzrə ödənişə yeni ildən, yəni krediti əldə etdikdən 2 ay sonra başlamaq irəli sürülürdü. Əslində “Expressbank” bununla maliyyə vəziyyətini düzəltməyə, aktiv portfelini bir qədər artırmağı hədəfləmişdi. Hazırda bank 70 min manat istehlak kreditlərini 11,9% ilə təklif edir. Təminatsız kredit üçün 3% komissiya, ev təminatlı kredit üçün 1% komissiya tələb olunur. Nağd istehlak kreditinin faktiki illik faiz dərəcələri isə “Expressbank”ın nə dərəcədə bahalı kredit siyasəti reallaşdırdığını təsdiqləyir. Belə ki, FİFD minimum 13.9%, maksimum 36.7% təşkil edir.

Bankın kredit kartlarına gəlincə, 30 faiz “cashback” vəd edən “Visa Infinite”nin illik faiz dərəcəsi 20%-dir. Əməliyyatlar üzrə tutulan komissiyalar isə fantastikdir. Hətta “Expressbank”ın ATM və filiallarından nağdlaşdırma əməliyyatı icra edildikdə kredit qalığından 1,5 faiz tutulma olur. Ölkəxarici digər bankların ATM və ofislərindən nağdlaşdırma əməliyyatında tutulma 3 faiz təşkil edir. Bank onlayn ödəniş zamanı da qazanır. Şəxsi kabinetdən ödənişdə 1,5 faiz tutulma olur.Kartdan ölkədaxili və ölkəxarici istifadə məbləğləri faizli şəkildə 6 və ya 12 aylıq taksitə bölünür.

Sığortasız əmanət cəlbi

Bankın əmanətlər üzrə faizlərinə gəlincə, klassik əmanətlərdə faiz dərəcələri 12%-dir. Yeri gəlmişkən, bank xarici valyutada sığorta dərəcəsindən yuxarı faizlərlə - 5% ilə əmanət qəbul edir. Bu da həmin vəsaitlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmaması deməkdir. Çünki banklara 2,5% dərəcəsi ilə yerləşdirilən dollar və avro əmanətləri fond tərəfindən sığortalanır. Onu da vurğulayaq ki, 2024-cü ilin üçüncü rübündə “Expressbank”a dollarla əmanətlərin həcmi manat ekvivalentində 37 milyon 805 min manat olub. 2023-cü ilin sonunda bu rəqəm 36 milyon 246 min manat idi. Müqayisə dövründə avro ilə əmanətlər azalsa da, dollarla əmanətlər artıb.

Qeyd edək ki, “Expressbank” Açıq Səhmdar Cəmiyyəti 1992-ci il iyunun 21-də “Azərnəqliyyatbank” Kommersiya Bankı kimi təsis edilib. 2010-cu ildə bank adını “Azərnəqliyyatbank” Açıq Səhmdar Kommersiya Bankından “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə dəyişib. Maliyyə qurumunun səhmdarları “Azenco Group”, “Enerqoservis” MMC, Hafiz Seyidov və Dövlət Avtomobil Nəqliyyatı Xidmətidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, audit hesabatına əsasən, 2023 və 2022-ci il tarixlərində səhmdarlardan heç biri ayrı-ayrılıqda banka nəzarət etməyib.


Müəllif: Teleqraf.com
Seçilən
6
4
teleqraf.com

5Mənbələr