AZ

İrəvan Vaşinqtonun ətəyindən YAPIŞIR: “Azərbaycan Qərb üçün əsas açar ölkə olaraq qalır”

“Yaxın Şərqin yenidən dizayn olunması Bayden administrasiyasının planlarına uyğun getmədiyi kimi, Cənubi Qafqazda da ABŞ-nin siyasətində müəyyən dəyişikliklər müşahidə edilir.

Gürcüstanla ABŞ arasında 2009-cu ildə imzalanan analoji sənədin reallıqları nəzərə alınsa, icra baxımından tam fərqli situasiyalar ortaya çıxıb. Bu vəziyyət Ermənistana dair planlarda da özünü göstərir. Tramp dövründə, eləcə də Bayden administrasiyası zamanı Ermənistanla belə sənədlərin imzalanması daha çox diqqəti bölgəyə yönəltmək üçün bir addım idi. Lakin Tramp hakimiyyəti dövründə bu sənədin aktuallığının qorunacağına ümid azdır”.

Bu sözləri Yenicag.az-la söhbətində analitik Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi tən gün Vaşinqtonda imzalanan ABŞ və Ermənistan arasındakı strateji tərəfdaşlıq haqqındakı sazişin pərdəarxası motivlərinə toxunub.

M. Bünyadlı hesab edir ki, Ermənistanın geosiyasi əhəmiyyətinin azalması, Cənubi Qafqazın isə ümumilikdə, ABŞ-nin diqqətində qalması əsas prioritetlərdən biridir:

“Qərbin Cənubi Qafqaza və Mərkəzi Asiyaya girişdə Azərbaycan əsas açar ölkə olaraq qalır. Ermənistan isə bu kontekstdə önəmli bir rol oynaya bilmir. Ermənistanın geosiyasi təsir dairəsi məhdud olduğu üçün Qərbin maraqlarını təmin etməkdə ciddi vasitə ola biləcəyini düşünmək çətindir. Bölgədəki başqa bir problem Gürcüstanın “iki stul siyasəti”dir ki, bu da Cənubi Qafqazda təhlükəsizlik risklərini artırır. Eyni zamanda, Ermənistan bölgəni geosiyasi güclərin toqquşma məkanına çevirmək cəhdləri ilə vəziyyəti daha da mürəkkəbləşdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları və Mirzoyanın Moskvaya səfəri Ermənistanın Rusiya və Qərb arasında sıxışdırıldığını göstərir. Ermənistan bir tərəfdən Avropaya inteqrasiyaya çalışsa da, digər tərəfdən Rusiya və Avrasiya bloklarının təsir dairəsində qalır. Bu ikili yanaşmanın yaxın gələcəkdə ciddi fəsadlar doğuracağı gözlənilir”.

“Moskvanın və İranın Ermənistana təzyiqlərinin artması, Qərbin burada möhkəmlənmə cəhdlərinə qarşı reaksiya verməsi qaçılmazdır. Ermənistanın bu addımları daxili auditoriyaya yönəlmiş görüntü yaratmaq cəhdləri kimi qiymətləndirilə bilər. Lakin bu cəhdlərin real nəticələr verəcəyi şübhəlidir. Qərb regionda Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verəcək. Xüsusilə enerji resurslarının Avropa üçün əhəmiyyəti artır və bu, Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Ermənistan isə geosiyasi oyunlarda manipulyasiya vasitəsi kimi istifadə edilən bir alət olaraq qalır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
0
yenicag.az

1Mənbələr