AZ

“Bu saziş ABŞ və İsrailin İrana qarşı hücum planlarını dəyişə bilər”- ŞƏRH

“Məlum olduğu kimi Bəşər Əsədin devrilməsindən sonra Suriyada vəziyyət ciddi şəkildə dəyişdi. Bu vaxta qədər bu ölkə üzərində ciddi təsiri olan Rusiya və İran əvvəlki imtiyazlardan uzaqlaşdırıldılar və onların yaxın gələcəkdə bu ölkədən ümumiyyətlə çıxarılacağı barədə söhbətlər gəzir. Hazırda Suriyadakı yeni yaradılmış keçid hökuməti vəziyyət sabitləşdirməklə və dövlət idarələrini qurmaqla məşğuldur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Türkiyənin bu məsələlərdə Suriyanın yeni hökumətinin yanında yer tutmasına baxmayaraq yetərincə ciddi məsələlər qarşıda durur:

“Ən böyük problem kürd terror birləşmələrinin tərksilah edilməsidir. Bu məsələ ona görə çətindir ki, ABŞ əvvəllər olduğu kimi yenə də PKK ilə əlaqədə olan Kürd terror qruplarını dəstəkləməkdə davam edir. Türkiyə ilə ABŞ arasında da bu məsələdə ciddi müzakirələrin aparılmasına ehtiyac var. Digər tərəfdən İranın da Suriyadakı indiki rejimə müxalif olan qüvvələrlə əlaqəyə keçməsi barədə məlumatlar var. Bütün bunlar Suriyadakı proseslərin müəyyən müddət çəkəcəyi barədə verilən proqnozlara haqq qazandırır.

Suriyadan sonra hədəfdə İranın olması məsələsinə gəlincə burada da həqiqət payı var. Çünki, İsrail və ABŞ regiondakı xaosdan istifadə edərək İranla da məsələni bitirmək, onun nüvə sahəsində tədqiqatlarına son qoymaq istəyirlər. Amma İranla Rusiya arasında imzalanması nəzərdə tutulan strateji əməkdaşlıq haqqında saziş İsrailin planlarını alt –üst edə bilər. Çünki İrana hücum etməyə hazırlaşan tandem qarşısında Rusiyanı görməkdə çox narahatdılar. Onların Rusiya silahları qarşısında istədiklərinə nail olacaqları heç də asan deyil. Buna görə düşünürəm ki, yanvarın 17-dən – İranla Rusiya arasında strateji əməkdaşlıq haqqında saziş bağlanandan sonra ABŞ və İsrail İrana qarşı hücum planlarında dəyişiklik edəcəklər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr