Xəbər verdiyimiz kimi, Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, imzalanma mərasimi Vaşinqtonda baş tutub və sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.
Sənədi Co Bayden administrasiyasının imzaladığını nəzərə alarsaq, maraqlıdır, Donald Tramp hakimiyyətə gəldikdən sonra saziş qüvvədən düşəcəkmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu sazişə Amerika dövlət olaraq imza atıb.
T.İsmayılovun sözlərinə görə, Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra o, demokratların bir çox aldığı qərarları mübahisələndirəcək.
Tural İsmayılov: Belə bir sazişlə Ermənistanı mükafatlandırırlar
Politoloq Ermənistan tərəfinin artıq Tramp administrasiyası ilə də bu sazişin davam etdirilməsi istiqamətində müxtəlif müzakirələr aparıb. Dediyinə görə, Co Bayden dövründə atılan yanlış addımların bütövlükdə ABŞ üçün təhlükəli nəticələr doğurduğunu artıq dünyanın özü də, hakimiyyətə gələn Respublikaçılar da yaxşı başa düşür:
“Bu baxımdan Ermənistanla imzalanan dırnaqarası müttəfiqlik sazişi adlandırılan xartiyanın da ümumiyyətlə, Tramp hakimiyyəti dövründə işlək olmamaq ehtimalları var.
Nəzərə almaq lazımdır ki, burada birgə bir çox məsələlər qeyd edilib. Amma tutaq ki, Ermənistanın hansı potensialı var ki, ABŞ-yə nəsə töhvə versin?”
Müsahibimiz qeyd edib ki, Ermənistanın özünə bir xeyri yoxkən ABŞ-yə hansısa töhfə verəcəyini düşünmək sadəlövlük olar.
Həmsöhbətimizə görə, ABŞ, Ermənistan ərazilərinin artıq Qərb kəşfiyyatı üçün Nikol Paşinyan tərəfindən bir plasdarm kimi təqdim edilməyindən faydalanmağa və bunu özü üçün bir dividentə çevirməyə çalışır:
“Bu baxımdan da bu gün Ermənistan əraziləri üzərindən təhlükəli oyunlar oynamaq istəyirlər. Belə bir sazişlə də Ermənistanı mükafatlandırırlar”.
Mina Mikayılova