2024/25 mövsümündə öz çempionatlarında hələ də uduzmayan komandalar var. Onların hər biri bundesliqanı məğlubiyyətsiz başa vuran “Bayer-04”ün ötənilki fenomenal uğurunu təkrarlaya bilər.
Bəribaşdan deyək ki, diqqətimizi güclü ölkələrin çempionatlarına yönəldəcəyik. Ona görə də Moldovada “Şerif”in, San Marinoda “La Fiorita”nın, Cəbəllütariqdə “Sent Cozef”lə “Linkoln”un məğlubiyyətsiz seriyalarını nəzərə almayacağıq. Güclü çempionatlarda isə hələ ki uduzmayan 7 kmanda var.
“Yuventus”, İtaliya
Nə qədər inanılmaz səslənsə də, məğlub olmayan “Yuventus” A seriyasının turnir cədvəlində yalnız 5-ci pillədədi. Tyaqo Motta yetirmələrinə uduzmamağın yollarını anlatsa da, qalib gəlməyin yollarını hələ tam anlada bilməyib. Çünki “qoca sinyora” 18 oyunun 11-dən bərabərliklə ayrılıb. Buna görə də “Yuve” liderdən bir oyun az keçirməklə 12 xal geridədi. Komanda heç də bütün turnirlərdə məğlubedilməz deyil. ÇL-də artıq bir məğlubiyyət qeydə alınıb. Bundan başqa, bir neçə gün öncə ölkə superkubokunda “Milan”a qarşı oyun da uğursuz nəticələndi (1:2). Yəni artıq bir titul əldən çıxıb.
PSJ, Fransa
Fransa çempionatına onsuz da maraq heç vaxt böyük olmayıb. PSJ isə intriqanı erkən öldürməklə olan-qalan marağı da məhv edir. Paris nəhəngi Liqa-1-də 16 oyundan 12 qələbə, 4 heç-heçə ilə ayrılıb. Luis Enrikenin komandası ən yaxın izləyicisi “Marsel”dən 7, “Monako”dan 10 xal öndədi. Prinsipial rəqiblərin heç biri PSJ ilə bacara bilmir. Bu komanda həm “Marsel”i (3:0), həm “Monako”nu (4:2), həm də “Lill”i (3:1) məğlub edib. Özü də səfərdə! Yəni Liqa-1 ilə bağlı yeganə intriqa PSJ-nin mövsümü məğlubiyyətsiz bitirib-bitirməyəcəyidi. Komanda bugünlərdə superkubokda “Monako”nu yenə məğlub edərək mövsümdə ilk titulunu qazandı. Amma fanatların gözünü dikdiyi ÇL-də PSJ artıq 3 dəfə uduzub və sıradan bir kollektivə bənzəyir. Parislilər “24-lüy”ə düşməsə, bu, əsl faciə olacaq.
“Qalatasaray”, Türkiyə
Türkiyə çempionatı UEFA-nın reytinqində 10-cu pillədədi. “Qalatasaray” Okan Burukun başçılığı altında rekordları sıralamaqda və rəqiblərin canına vəlvələ salmaqda davam edir. Joze Mourinyo, “Fənərbaxça” və başqalarının işi-gücü yalnız hakimlərdən şikayət etməkdisə, “Cim-Bom” qələbələri sıralamaqla məşğuldu. Komanda 17 oyundan 15 qələbə, 2 heç-heçə ilə ayrılaraq turnirin yeni xal rekordunu müəyyənləşdirib. “Fənər” öz meydanında “Qalatasaray”a 1:3 uduzduğundan və 8 xal geridə olduğundan Mourinyonun hakimlər haqda sözləri bəhanədən başqa bir şey kimi görünmür. Türkiyə çempionu AL-in əsas mərhələsində də yoluna məğlubiyyətsiz davam edir. “Qalatasaray” bu mövsüm keçirdiyi 27 rəsmi oyunun yalnız 3-də - iki dəfə ÇL-in təsnifatında “Yanq Boyz”a və bir dəfə superkubokda “Beşiktaş”a uduzub.
“Riyeka”, Xorvatiya
Reytinqdə 13-cü pillədə qərarlaşan Xorvatiya çempionatında Zaqreb “Dinamo”sunun hegemonluğuna alışmışıq. Amma bu mövsüm vəziyyət fərqlidi. “Dinamo” məşqçiləri əlcək kimi dəyişdiyi və problemlərdən qurtula bilmədiyi bir vaxtda “Riyeka” məğlubiyyətsiz liderliyini davam etdirir. Düzdü, vahid yox, şərikli liderliyini. Çünki 18 turdan sonra “Riyeka” (9 qələbə, 9 heç-heçə) və “Hayduk”un (10 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət) 36 xalı var. “Dinamo” isə artıq 5 dəfə uduzub və 7 xal geridədi. 119 illik tarixə malik “Riyeka” indiyə qədər yalnız bir dəfə - 2016/17-də çempion olub. Amma komandanın avrokubok macərası uğurlu keçmədi. Radomir Caloviçin kollektivi avqustun sonlarında AL-in təsnifatında “Elfsborq”a (0:2), KL-in təsnifatında isə “Olimpiya”ya (0:5) uduzdu.
“Dinamo” K, Ukrayna
Reytinqdə 20-ci pillədə qərarlaşan və müharibə şəraitində böyük çətinliklə davam edən Ukrayna çempionatında bu mövsüm Kiyev “Dinamo”su rəqiblərini üstələyir. Komanda 17 turu 13 qələbə, 4 heç-heçə ilə tamamlayıb. Kiyevlilərin əzəli rəqibi, ÇL-in əsas mərhələsində də oynayan “Şaxtyor” isə 10 xal geridədi və 3-cü pillədə qərarlaşıb. “Dinamo”nu hazırda yaxın keçmişin tanınmış qapıçılarından Aleksandr Şovkovski çalışdırır. Amma heyətində cəmi bir neçə legioner olan kiyevlilərin avrokuboklardakı fiaskosu Ukrayna çempionatının nə dərəcədə gerilədiyini göstərir. ÇL-in təsnifatında “Zaltsburq”a uduzan “Dinamo” AL-in əsas mərhələsində isə keçirdiyi 6 oyunun hamısında məğlub olub (top fərqi – 1:15) və artıq pley-off şansını itirib!
“Srvena Zvezda”, Serbiya
Reytinqdə 22-ci pillədə qərarlaşan Serbiya çempionatında adəti üzrə “Srvena Zvezda” “ağalıq edir”. Belqradlılar 20 turdan sonra 19 qələbə, 1 heç-heçə ilə 60 mümkün xaldan 58-ni toplayıb. Özü də Vladan Miloyeviçin komandası yeganə xal itkisini iyulda – 2-ci turda “Mladost”la ev oyununda (2:2) yaşayıb. Əsas rəqibi “Partizan”ı 4:0 darmadağın edən “Srvena” ikinci pillədən 17 xal öndədi! Bu komanda üçün məğlubiyyətsiz çempionluq qeyri-adi bir şey olmayacaq. Çünki “Srvena” 2022/23-də artıq bunu bacarıb. Amma Avropa səhnəsində, daha dəqiq desək ÇL-də tamam əks bir mənzərə izləyirik (6 oyun, 1 qələbə, 5 məğlubiyyət).
“Ludoqorets”, Bolqarıstan
Bu siyahını reytinqin 26-cı pilləsində qərarlaşan Bolqarıstan çempionatının lideri “Ludoqorets”lə tamamlayırıq. Son 13 turda xal itirməyən Razqrad təmsilçisi 19 turu 17 qələbə, 2 heç-heçə ilə başa vurub və ən yaxın izləyicisindən 13 xal öndədi. Bu siyahıda olan digər klublar kimi “Ludoqorets” də digər turnirlərdə artıq məğlubiyyət acısı yaşayıb. ÇL-in təsnifatında “Qarabağ”ın razqradlılarına başına səfərdə nə oyun açdığını gözəl xatırlayırıq. AL-in əsas mərhələsində isə “Ludoqorets”in 6 oyunda qələbəsi yoxdu (3 heç-heçə, 3 məğlubiyyət).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta