AZ

Blinken son erməni mərkəzli addımı

ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalayır. Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır.

Yada salaq ki, hələ 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüb və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu, geosiyasi addımdır və o zaman Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi geosiyasi xəttin (Gürcüstan-Ermənistan) həyata keçirilməsini nəzərdə tutur.

Geosiyasi xətti formalaşdırmaq hələ ki, alınmasa da (Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib), Ermənistanla münasibətlərdə işlər qaydasındadır.

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri (Paşinyan hökumətinə hərtərəfli dəstək və ABŞ-ın regiondakı siyasətini Ermənistanın maraqları ilə əlaqələndirmək) Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir.

Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq.

Əsas sual budur: Tramp və onun administrasiyası dondurulmuş statusla da olsa, hələ də KTMT-nin üzvü olan, Aİİ və Gİ-nin tamhüquqlu iştirakçısı, Rusiyanın ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-ın yardımı ilə barışacaqlarmı?!

Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün bütün bu sadalananlardan yalnız KTMT üzvlüyünü qurban verə biləcək.

Rusiya Ermənistanın KTMT-yə üzvlüyünü Aİİ çərçivəsində aldığı iqtisadi üstünlüklərlə əlaqələndirib. Görək Ermənistanın KTMT-dən rəsmi çıxacağı təqdirdə Rusiya nə dərəcədə ardıcıl olacaq.

KTMT-də ABŞ-ın yeni strateji tərəfdaşı olacaq: Onların sayı artıq ikidir – Qazaxıstan və Ermənistan.

İranla sərhəddə də ABŞ-ın yeni strateji tərəfdaşı peyda olacaq.

Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir.

Azərbaycan üçün ABŞ və Ermənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil. ABŞ-ın Ermənistan hökumətinə yardım və dəstək səviyyəsi gec-tez münasibətlərin rəsmiləşməsinə səbəb olmalı idi. Bakının xəbərdarlıqlarına baxmayaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti indiyədək erməni mərkəzli siyasət yürüdüb ki, bu da həm ABŞ-ın Azərbaycanla münasibətlərində, həm də şəxsi müstəvidə böhranlı məqamlara səbəb olub. Prosesin yekunu olaraq, Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla Blinken son erməni mərkəzli addımını atmış olur.

Ümid edək ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətni açıqlanacaq və nəhayət, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyini öyrənəcəyik.

Bakı üçün əsas odur ki, Tramp administrasiyası Ermənistanla razılaşmalara nə dərəcədə əməl edəcək, Ermənistan üçün “açıq çek” siyasəti davam etdiriləcəkmi, ABŞ-Azərbaycan münasibətləri ABŞ-Ermənistan münasibətlərindən asılı qalacaqmı?!

Bu suallara ilin birinci yarısında, ABŞ-da Tramp administrasiyasının əsas xarici siyasət rəsmiləri öz yanaşmalarını formalaşdırdıqdan sonra cavab alacağıq. Bununla yanaşı, regionumuzla münasibətlərə Ukrayna, Yaxın Şərq/İrandakı proseslər, ABŞ-ın Aİ ilə münasibətləri və s. təsir edəcək.

Qarşıda isə bizi Azərbaycan ərazisində cinayət törətməkdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəmələri, kənar vasitəçilərin olmadığı ikitərəfli danışıqlar formatının davamı gözləyir!

Seçilən
0
vaxt.az

1Mənbələr