Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı mühüm hava və dəniz bazalarını boşaldan Rusiya hərbi qüvvələrini Liviyaya köçürür. İddialara görə, Moskva Liviyadakı qüvvələrinin sayını artırıb, həmçinin bölgəyə çoxlu sayda hərbi maşın və sursat göndərməyə başlayıb.
Publika.az “Haber Global”a istinadən xəbər verir ki, Rusiya Suriyadakı üç əsas hərbi bazasını - bir dəniz və iki hava bazasını geri çəkib.
Avropa və Amerika hərbi mənbələrinə görə, Rusiya sözügedən bazalarını bu dəfə Aralıq dənizində yerləşən Liviyada açmağı planlaşdırır.
Rusiyanın məqsədi
İddialara görə, Rusiya həm qlobal sərmayələrinin, həm də muzdlu hərbi şirkətin ən güclü olduğu Afrikada fəaliyyətini bu bazalar vasitəsilə həyata keçirmək istəyir.
ABŞ-da yerləşən “Defence News” nəşrinin məlumatına görə, sözügedən hərbi bazalar Liviyanın şərqinə nəzarət edən Xəlifə Haftarın nəzarəti altında olan bölgələrdə qurulacaq.
Pentaqon da bildirir ki, hazırda orada olan təxminən 2000 rus əsgəri ölkənin 10 bölgəsində hərbi əməliyyatlar aparır. Eyni zamanda Moskva Liviyaya çoxlu sayda “S-300” və “S-400” hava hücumundan müdafiə sistemi də göndərib.
Böyük təşviş
Aralıq dənizi hövzəsi ilə həmsərhəd olan NATO-ya üzv ölkələrdə, xüsusən də Fransa və İtaliyada çaxnaşma hökm sürür. Pentaqonun paylaşdığı məlumata görə, İtaliya Müdafiə Nazirliyi həyəcan vəziyyətindədir. Nazirlik hesab edir ki, Rusiyanın bölgədə quraşdırmağa başladığı hava hücumundan müdafiə sistemləri səbəbindən Avropanın bölgədəki əməliyyat qabiliyyəti xeyli zəifləyəcək. Fransa Müdafiə Nazirliyi Rusiya sualtı qayıqlarının Aralıq dənizinin dibində mülki və hərbi rabitə kabellərinə zərər vuracağından narahatdır.