Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Mahmudov Elmidar Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Mahmudov Elmidar Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, 43 yaşım var, ailəliyəm, 4 övladım var. Böyük övladımın 13, ən kiçiyinin isə 4 yaşı var.
Sizə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən şikayətimi bildirmək istəyirəm. “Çörək pulu” deyilən müavinət dayandırılandan sonra, mənim evimə bir qəpik pul girmir.
4 dəfə sosial yardım üçün müraciət etmişəm. Hər dəfə imtina veriblər. İş yeri tələb edirlər. Bu yaşdan sonra heç bir idarə məni işə qəbul etmir. Ailəmi fəhləliklə dolandırmağa çalışıram.
Ünvanlı sosial yardım üçün müraciət etdikdən sonra, 3-cü ayının tamamında yoxlama gəlib-getdi. İki aydan sonra isə imtina verdilər. İmtinanın səbəbi kimi göstərdilər ki, qanunda dəyişiklik olub, gərək torpağa bir il vergi ödəyəsən, bir ilin tamamından sonra təkrar müraciət edəsən. Bəs, bir il ərzində heç bir gəliri olmayan, 6 nəfərdən ibarət ailə nə yesin, necə dolansın? Qış vaxtı kommunal borclarımı necə ödəyim?”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. Məsələni araşdırıb, məlumat verəcəyini bildirdi.
Aynurə MUSTAFAYEVA
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.