AZ

Tramp Cənubi Qafqazdan NƏ İSTƏYİR? – “Erməni lobbisinin aktivliyi müşahidə ediləcək”

“Əgər belə olmazsa, Trampın Cənubi Qafqaz siyasətində qarşıya qoyduğu maraqları gerçəkləşdirməyə imkan verməcəyək”.

Bunu Yenicag.az-a açıqlamasında Bayden Administrasiyasının fəaliyyət müddətinin bitməsinə bir neçə gün qalmış Ermənistanla strateji müqavilənin imzalanmasının pərdəarxası faktlarından danışan politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, belə addım atılmasında bir neçə məqsəd güdülür:

“İlk və əsas olaraq Bayden Trampa “miras” qoymaq istəyir. Çünki seçkiləri qazanıb yenidən prezident olacaq Donald Trampın quracağı yeni hökumətin Ermənistanla münasibətlərə yenidən baxacağı düşünülür. Eyni zamanda ABŞ-nin bu dövrdə Cənubi Qafqaz regionunda daha çox Azərbaycanla iş görəcəyi ehtimalları yüksəkdir. Qısacası, yeni hökumətin üzərinə Ermənistanı dəstəkləməklə bağlı öhdəlik qoymaq istəyirlər. Lakin Trampın buna əməl edib-etməyəcəyi bilinmir”.

“ABŞ və Ermənistan arasında imzalanan strateji sənəddə hansı müddəaların yer aldığı maraq doğurur. Düzdür, ətraflı olmasa da bəzi məsələlər bəllidir. Xüsusilə təhlükəsizlik sahəsində. Erməni lobbisinin bu məsələdə də aktivliyi müşahidə ediləcək ki, Tramp sözügedən sənədə sadiq qalsın. Ancaq nəzərə alınmalı məqam, yeni administrasiyanın da eyni addımı ata biləcəyidir. Yəni Azərbaycanla eyni razılaşmaya gedə, yaxud Ermənistanla imzalanan sənədi əsas götürməyə bilər. Bir sözlə, əgər belə olmazsa Trampın Cənubi Qafqaz siyasətində qarşıya qoyduğu maraqları gerçəkləşdirməyə imkan verməcəyək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
0
yenicag.az

1Mənbələr