Ermənistan Xarici İşlər Nazirliyi Rusiya telekanallarından birində yayımlanan “Vesti Nedeli” verilişinin məzmunu ilə bağlı Rusiyaya etiraz notası göndərib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“2025-ci il yanvarın 12-də Rusiya Federasiyasının Ümumrusiya Dövlət Televiziyası “Vesti Nedeli” proqramında Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan süni şəkildə yaradılmış süjetlər yayımladı. Bununla əlaqədar yanvarın 15-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P. Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim olunub”, - deyə idarənin məlumatında deyilir.
Qeyd edək ki, verilişdə Ermənistan tərəfinin kəskin reaksiyasına səbəb olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin zəruriliyi müzakirə olunub.
Almaz Həsənli