“Karabakh-Pakistan” şirkəti ilə Pakistanın Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənaye, Ticarət, İnvestisiya və Bacarıqların İnkişafı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Bu saziş iki tərəf arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır və strateji əməkdaşlıq istiqamətlərini müəyyən edir. Pakistanda qeydiyyatdan keçmiş “Karabakh-Pakistan” şirkəti beynəlxalq ticarət və infrastruktur layihələrinin inkişafında əsas şirkətlərdən biri olaraq, geniş təcrübəsi ilə ticarət və investisiya imkanlarının təşviqində mühüm rol oynayır.
Pəncab əyalətinin Sənaye, Ticarət, İnvestisiya və Bacarıqların İnkişafı Nazirliyi ticarət siyasətinin formalaşdırılması, ixracın artırılması və beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi üzrə əsas dövlət qurumudur. Bu anlaşmanın əsas məqsədi Azərbaycan ilə Pəncab əyaləti arasında ticarət və iqtisadi əməkdaşlıq çərçivəsini formalaşdırmaqdır. Tərəflər iki ölkə arasında ticarət və investisiya kanallarını genişləndirmək, iqtisadi artımı dəstəkləyən bilik və texnologiya mübadiləsini təmin etmək, eləcə də müasir infrastruktur layihələrinin inkişafına töhfə vermək üçün birgə səylər göstərəcəklər.
Saziş çərçivəsində ikitərəfli ticarət əlaqələrinin qurulması, konfranslar və biznes əlaqələrinin qurulması məqsədilə tədbirlərin təşkil olunması, nəqliyyat və logistika sahəsində müasir həllərin həyata keçirilməsi, kənd təsərrüfatı və bərpa olunan enerji kimi sahələrdə texnologiya mübadiləsinin təşviqi üzrə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Bundan əlavə, elmi tədqiqat, təhsil mübadiləsi və tənzimləmə maneələrinin aradan qaldırılması istiqamətində də birgə işlər planlaşdırılır. Bu memorandum Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlıq istiqamətlərinin genişləndirilməsində mühüm addım olmaqla, hər iki tərəfin iqtisadi inkişafına töhfə verərək, regional və beynəlxalq əməkdaşlıq sahəsində də əhəmiyyətli nəticələr əldə etməyə imkan yaradacaqdır.