AZ

SEC İlon Maska qarşı məhkəmə iddiası irəli sürüb

Bakı, 15 yanvar, AZƏRTAC

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) Kolumbiya dairəsi üzrə federal məhkəmədə 2022-ci ildə “Twitter” sosial şəbəkəsinin satın alınması şəraiti ilə bağlı İlon Maska qarşı iddia qaldırıb.

AZƏRTAC xəbər verir ki, tənzimləyicinin iddiasına görə, İlon Mask publik şirkətdən beş faiz və ya daha çox pay alan sərmayədarların 10 gün ərzində bu barədə məlumat verməsi qaydasını pozub. Beləliklə, “Twitter” şəbəkəsinin səhmləri ilə bağlı məlumatları gecikdirən milyarder satınalmadan 150 milyon dollardan çox qənaət edə bilib. Eyni zamanda, İlon Maskın planlarından xəbərsiz olan investorlar süni şəkildə ucuzlaşdırılan “Twitter” səhmlərini aşağı qiymətə satmaqla xeyli zərərə uğrayıb.

“The Wall Street Journal” nəşri güman edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla yaxın əlaqələri olan İlon Mask SEC-in növbəti rəhbərindən iddianı geri götürməyi xahiş edə bilər.

Tənzimləyicinin hazırkı rəhbəri Qari Qensler vəzifəsini vaxtından əvvəl - 2025-ci il yanvarın 20-də Cozef Baydenin prezidentlik səlahiyyətlərinin bitdiyi vaxt tərk edəcək. Tramp isə bu vəzifəyə SEC-in hərəkətlərini mütəmadi tənqid edən vəkil Pol Atkinsin namizədliyini irəli sürüb.

Qeyd edək ki, İlon Maskın “Twitter” şəbəkəsini satın alması zamanı yol verdiyi qanun pozuntuları ilə bağlı araşdırma hələ 2022-ci ildə başlayıb. Lakin milyarderin istintaqla əməkdaşlıqdan imtina etməsi səbəbindən proses uzanıb.

Biznesmenin “Twitter” səhmlərinə sahib olduğu barədə məlumatı yekun tarixdən 11 gün sonra açıqladığını üzə çıxaran SEC milyarderdən qaydaları pozaraq qənaət etdiyi vəsaiti təzminat olaraq geri qaytarmasını tələb edir.

Seçilən
7
1
azertag.az

2Mənbələr