AZ

Ermənistan təhlükəli yola əl atdı: nələr baş verəcək? – Elmar Məmmədyarov

Globalinfo.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəni təqdim edir:

– Elmar bəy, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. Donald Trampın prezidentlik dövrünün başlamasına sayılı günlər qala belə bir sənədin imzalanması nədən xəbər verir?

– Əslində, bunda təəccüblü nə isə yoxdur, imzalaya bilərlər. Məndə sual yaradan yeganə məqam Ermənistanın nə etmək istədiyidir. Məsələn, İran və Rusiya bunu necə qəbul edəcək? Həmin sazişdən daha çox bu iki ölkə narahat olmalıdır.

Məsələ ondadır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür. Bundan başqa, İranla da strateji tərəfdaşdırlar. İndi də ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalayırlar. Bu sənədlər arasında uzlaşmayan məqamlar var.

Hesab edirəm, Rusiyanın reaksiyasını gözləmək lazımdır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dedi ki, Kreml Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Overçuk bundan öncə də demişdi ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Aİİ-yə üzvlüyü ilə bir araya sığmır. Hesab edirəm, ABŞ-la strateji tərəfdaşlıq bu baxımdan qəribədir. Rusiya böyük ehtimal bu məsələyə reaksiya verəcək.

– Donald Trampın prezident səlahiyyətlərini icra etməyə başlaması fonunda Azərbaycan-ABŞ münasibətlərində soyuqluğun aradan qaldırılması gözləntisi var. Sizcə, Mirzoyan və Blinkenin strateji tərəfdaşlıq haqqında sənədi imzalaması bu prosesə mane ola bilər?

– Belə olacağını düşünmürəm. Azərbaycan-ABŞ münasibətlərindəki soyuqluğun bitməsi və ya münasibətlərin inkişafı kimi məsələlərlə Vaşinqtonla İrəvan arasında imzalanan sənəd ayrıdır. Bir-biri ilə bağlantısı yoxdur.

– Trampın strateji tərəfdaşlıq haqqında sənəddən razı qalacağını düşünməyənlər var. Hətta iddialar var ki, Tramp Azərbaycana qarşı 907-ci düzəlişin icrasını dayandıra, beləcə Bakıya jest edərək Azərbaycanla Ermənistan arasında balans yarada bilər. Bu ehtimallar nə qədər doğrudur?

– 907-ci düzəliş ona görə dayandırılmışdı ki, ABŞ-ın həmin vaxt Azərbaycana ehtiyacı vardı. Belə ki, ABŞ qoşunları Əfqanıstana göndərilərkən Azərbaycanın köməyinə ehtiyacları vardı. Buna görə də düzəlişin icrası bir müddət dayandı. Elə ki ABŞ Əfqanıstanı tərk etdi, 907-ci düzəliş yenidən tətbiq edildi.

Amma mən dəfələrlə demişəm, 907-ci düzəliş Azərbaycana hər hansı problem yaratmır. Hazırda bu, simvolikdir. ABŞ-da 907-ci düzəliş daxil, bu kimi düzəlişlər çox gülməli hal alıb. Məsələn, 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan Cekson-Venik düzəlişi var. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən SSRİ və Çin Xalq Respublikasına qarşı tətbiq edilirdi. Bu gün nə Cekson-Venik həyatdadır, nə də SSRİ deyə bir dövlət var. Amma düzəliş hələ də tətbiq edilir. Yəhudi icmaları isə istədiyi yerə rahat gedib-gələ bilir.

– Cekson-Venik düzəlişini misal gətirdiniz. Belə düzəlişlər ABŞ-da niyə hələ də təbiq edilir?

– Çünki ABŞ-da bunun ləğvi prosesi çətindir. Yəni düzəlişlərin ləğv edilməsi Konqresə təklif edilir, amma qəbul edilmir. Mənə elə gəlir, Konqres üzvləri bunu ləğv edəcəkləri təqdirdə ağılsız görünməkdən çəkinirlər.

– Belə çıxır ki, 907-ci düzəlişin ləğvi biz azərbaycanlılar üçün xəyal olacaq?

– Bilirsiniz, gözləmək və ABŞ-da vəziyyətin necə olacağını izləmək lazımdır. Donald Tramp tərəfindən ABŞ dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülən Marko Rubio erməni lobbisinə çox yaxındır. Amma Konqres olmaq ayrı, dövlət katibi olmaq ayrı şeydir. Bütün bunlara baxmayaraq deyə bilərəm ki, ABŞ-ın Azərbaycana böyük ehtiyacı olsa, 907-ci düzəlişi dayandıra və ya ləğv edə bilər. Bütün hallarda mən 907-ci düzəlişin simvolik olduğunu düşünürəm.

Seçilən
9
turkustan.az

1Mənbələr