Ötən gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində çıxış edən amerikalı diplomat bildirib ki, qarşıdakı həftələrdə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi komandamız sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək və erməni həmkarları ilə işləmək üçün Ermənistana səfər edəcək. Aydındır ki, bu addımın əsas məqsədi Amerika qüvvələrinin Ermənistanda yerləşdirilməsidir. Amerika tərəfi əvvələr bu qrupun Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının tərkibində fəaliyyət göstərəcəyi ehtimal olunsa da, bu baş vermədi. Burada maraqlı məqam isə öz sərhədlərinə kənar qüvvələrin yerləşdirilməsini qəbul etməyən və daima qırmızı xətlərdən bəhs edən İranın qonşusu Ermənistanın bu addımına heç bir reaksiya verməməsidir.
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirib ki, İran bir çox məsələlərdə Ermənistanı dəstəkləyir:
“Tehran hətta özü üçün strateji baxımdan uyğunsuz yöndən Ermənistanın Qərblə əlaqələrinə publik bir reaksiya verə bilmir. Amma digər vaxtlarda Azərbaycanla sərhədə gəlib saxta tampon körpüsü atanlar bu gün Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası adı altında Ermənistanda at oynatmasına açıq şəkildə səs çıxartmır. Eyni zamanda, ABŞ-nin Ermənistanla imzaladığı müqavilədə İrəvanın sərhəd mühafizəsi ilə bağlı bəzi məqamlara İranın hələ də səs çıxartmaması Tehranın real niyyətini növbəti dəfə göstərir”.
Tural İsmayılov qeyd edib ki, müxtəlif iranlı ekspertlər səviyyəsində Ermənistana hansısa bir narazılıq ifadə edilsə də, açıq formada, İran tərəfindən kəskin bəyanatlar eşitmirik:
“Bu bir daha onu göstərir ki, qırmızı xətlər, sərhədlərə regiondan kənar qüvvələrin cəlb edilməsi və.s kimi bəyanatlar boğazdan yuxarı ifadələrdir. Vaşinqtonda faktiki olaraq Ermənistan ABŞ-yə bu bölgənin sərhədlərinə gəlməklə bağlı açıq öhdəlik üzərinə götürdü ki, bu məsələdə də İranın seyirci qalmağı Tehranın siyasətinin qeyri-səmimiliyini növbəti dəfə ifşa etmiş oldu”, - deyə politoloq vurğulayıb.
Daşqın HəsənovMissiya.Az