AZ

"Komandanın Premyer Liqaya çıxması planlar arasındadır" - Tural Piriyev

style='margin-bottom:10px;'>

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev ASTA (Azerbaijan Sport Talents Academy) ilə I Liqada mübarizə aparan "Mingəçevir" klubu arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına münasibət bildirib.

QOL.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında tərəfdaşlıq müqaviləsinin Azərbaycan futboluna böyük xeyir verəcəyini söyləyib: “Ötən ilin aprelindən bu prosesə başlamışıq. İlk dövrlərdə bir neçə regiona səfərlərimiz oldu və yekunda “Mingəçevir” variantı üzərində dayandıq. Demək olar ki, 4 ay aktiv danışıqlar getdi. Bu danışıqlarda tərəflərdən biri də Gənclər və İdman Nazirliyi idi. Çünki tərəfdaşın əsas planları infrastrukturla bağlı idi və buna görə də nazirlikdən razılığın alınması çox önəmli idi. Yekunda uzunmüddətli razılıq əldə olundu. Əsas planlar da elə onun üzərindən quruldu. Uzunmüddətli inkişaf planı hazırlanıb. Əsas 3 istiqaməti əhatə edir: komanda, uşaq futbolunun inkişafı və infrastruktur. Komanda ilə bağlı ilk məqsəd “Mingəçevir”i I Liqada saxlamaqdır. Bildiyiniz kimi, “Mingəçevir” hazırda sonuncu yerdədir. Gedişata sonra baxılacaq. Gələcək planlar arasında Premyer Liqaya çıxmaq da var. Lakin qeyd etdiyim kimi, hazırda əsas hədəflər uşaq futbolu və infrastrukturla bağlıdır”. 

T.Piriyev danışıqların yarım il davam etməsinə belə münasibət bildirib: “6 ay əslində qısa müddətdir. Bizim təcrübədə daha uzunmüddətli danışıqlarımız olub. Məsələn, “Turan Tovuz”la bağlı danışıqlar 1 il çəkdi”.

FİF-in icraçı direktoru “Kəpəz”ə sponsor tapılıb-tapılmaması ilə bağlı sualı belə cavablandırıb: “Sosial mediada nə paylaşım ediriksə, ilk növbədə “Kəpəz”lə bağlı sual olur. Buna görə “Kəpəz”lə bağlı sizdən də sual gözləyirdim (gülür). Gəncə klubu ilə bağlı uzun müddətdir çalışırıq. Baş sponsor olmasa da, biz tərəfdən müəyyən tərəfdaşlıqlar imzalanıb. Dəstək olub. Eşitdiyimə görə, hazırda klubun sponsorluq prosesində müəyyən işlər gedir və yaxın zamanda təsdiqlənməsi gözlənilir. Lakin bu işlər biz tərəfdən aparılmır. Bu məsələ ilə hazırda klubun özü məşğul olur”.

Seçilən
8
teleqraf.com

1Mənbələr