AZ

Repetitorlar gəlir vergisi ödəməlidir - Hüquqşünasdan AÇIQLAMA

Məlum məsələdir ki, dünyanın hər yerində gəliri olan şəxslər vergi ödəmək məcburiyyətindədirlər. Azərbaycanda isə repetitorların gəliri olmasına baxmayaraq onlar vergi ödəmirlər.

Repetitorların vergi ödəməsi ilə bağlı hər hansısa bir qanun varmı və onları vergiyə cəlb etmək üçün hansı addımları atmaq lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Babək Umudov bildirdi ki, ilk növbədə repetitor anlayışının mənasına aydınlıq gətirilməlidir. O qeyd etdi ki, repetitor dedikdə, haqqı valideynin və ya tələbənin, şagirdin hesabına ödənmək şərtilə tələbəyə, şagirdə tək və ya qrup halında dərs verən müəllim başa düşülür:

"Repetitor şəxslərə ödənişli şəkildə müəyyən bir xidmət göstərir. Bu halda repetitorun gəliri yaranmış olur. Bu gəlirin yaranması halında repetitorun vergi öhdəliyi meydana çıxır. Beləliklə, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, daha sadə dillə desək, fərdi sahibkar statusuna malik olurlar. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir”.

Hüquqşünasın sözlərinə görə, repetitorlar əsasən gəlir vergisi ödəyicisi hesab olunurlar:

“Gəlir vergisi isə əldə olunmuş gəlirlərlə gəlirin əldə olunmasına çəkilən xərclərin fərqinin 14%-nə bərabər bir məbləğdir. Bununla belə, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Əməliyyatların rəsmiləşdirilməsinə gəlincə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır. Təəssüf ki, repetitorların böyük hissəsi VÖEN və mədaxil orderinə malik deyillər. VÖEN-lə işləmədiklərindən də məhz onların dövriyyəsi qeydiyyata alınmır. Qeydiyyata alınmadığından vergi də ödəmirlər. Burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınmaq istəyilə bağlı deyil. Problem əsasən repetitorların vergi ödəməklə bağlı məlumatlarının olmaması ilə bağlıdır. Ona görə də onların vergiyə cəlb olunmaq istiqamətində ciddi şəkildə məlumatlandırılmasına ehtiyac var”.

B.Umudov qeyd etdi ki, vergi uçotuna alınmadan fəaliyyət göstərən repetitorların aşkara çıxarılması şikayətlər əsasında ortaya çıxarıla bilər.

“Repetitorluq fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilir. Vergi uçotuna alınmadan fəaliyyət göstərən repetitorların aşkara çıxarılması ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin Dövlət Vergi Xidmətinə, yaxud digər aidiyyəti qurumlara şikayətləri əsasında araşdırılıb ortaya çıxarıla bilər, yaxud müvafiq dövlət orqanının apardığı yoxlama nəticəsində aşkar edilə bilər. Qeyd edim ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Ancaq bu tarix keçib və qanuna dəyişiklik ilə bu müddət uzadılmadığı üçün hazırda öz səlahiyyətləri çərçivəsində müvafiq orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində yoxlamalar həyata keçirə bilərlər. Digər bir yol isə əhali arasında maarifləndirmədir ki, bu yolla böyük əhali kütlələrinə sahibkarlıq fəaliyyətinin vergi uçotundan yayınmaqla həyata keçirilməsinin zərərlərini, risklərini izah etmək, vergi uçotuna alınmanın faydaları haqqında ətraflı məlumat vermək olar", - deyə Vəkillət Kollegiyasının üzvü bildirdi.

Bənövşə HƏSƏN

Seçilən
0
redaktor.az

1Mənbələr