1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq planlarının müzakirəsi fonunda Rusiya biznesi bu ölkə ilə əməkdaşlığa daha ehtiyatla yanaşmağa başlayıb, 2024-cü ildə isə bir sıra istiqamətlərdə artıq fəallığın azalması qeydə alınıb".
Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O, Moskvanın mövqeyini əks etdirən son bəyanatını təkrarlayaraq bildirib ki, Ermənistan hökumətinin ölkənin Aİ-yə daxil olması prosesinin başlanması Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq təşəbbüsü kimi qiymətləndirilməlidir.
"Onlar Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Amma hazırkı vəziyyətin xüsusiyyəti nədədir? Ermənistanın Aİ ilə yaxınlaşması barədə söhbətlər çoxdan gedirdi. Müzakirələr var idi, lakin 9 yanvar 2025-ci il Ermənistan hökuməti Aİ-yə daxilolma prosesinin başlanması barədə qanun layihəsini dəstəkləməklə hüquqi əhəmiyyətli addım atdı. Bu vəziyyətin xüsusiyyəti bundadır. Bu, Ermənistan hökumətinin qərarı idi və biz onu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk", - deyə Overçuk bildirib.
O vurğulayıb ki, Aİ-yə daxil olmaq prosesinin başlanmasına baxmayaraq, Ermənistan Aİİ ölkələrinin bazarlarını itirməkdə maraqlı deyil.
"Aİ-yə daxilolma prosesinin başlanması haqqında" qanun layihəsinin təşəbbüskarları yaxşı başa düşürlər ki, ittifaqa daxil olmaq çox hipotetik məsələdir, əlbəttə ki, onlar Aİİ-nin üzv dövləti kimi malik olduqları iqtisadi faydaları və üstünlükləri itirmək istəmirlər. 11 ay üzrə təzə statistika gəlib: Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 11.6 milyard dollar, Aİİ ilə - təxminən 12 milyard dollardır. Eyni zamanda, Aİ ilə ticarət dəfələrlə azdır və azalır. İqtisadiyyat və reallıq bundan danışır", - deyə Overçuk bildirib.
O əlavə edib ki, iqtisadi və ticarət statistikasına əsasən, Ermənistan Aİİ üzvlüyün əsas benefisiarı olub.