15 yanvar 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən aparılan təkrar auditin nəticələrinə və buna əsasən DİM-ə fəaliyyəti ilə bağlı uyğunluq sertifikatının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə DİM-in rəhbərliyi və kollektivi, qurumla əməkdaşlıq edən ekspertlər və imtahan rəhbərləri, ictimaiyyət nümayəndələri və RCEC təşkilatının direktoru Jan Arnold Brauer iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə RCEC təşkilatı tərəfindən aparılan təkrar auditin əsas məqsədinin DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsi ilə yanaşı auditin nəticələrinə əsaslanaraq sisteminin effektivliyinin daha da artırılması olduğunu qeyd edib. Audit zamanı DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib. Sədr çıxışında vurğulayıb ki, auditin nəticəsi DİM-in fəaliyyətində innovativ yanaşmaları və müasir idarəetmə sistemlərini tətbiq etdiyini və dövrün çağırışlarına əsasən fəaliyyət göstərdiyini bir daha sübut edir.
Tədbir zamanı RCEC tərəfindən həyata keçirilmiş təkrar audit prosesinin əsaslandığı yoxlama sistemi, audit prosesinin əhatə etdiyi imtahanlar, prosesə cəlb olunan struktur bölmələr və audit meyarlarına əsasən yekun nəticələr barədə iştirakçılara ətraflı məlumat verilib.
Daha sonra isə A.Brauer çıxış edərək bildirib ki, DİM-in Keyfiyyət İdarəetmə Sisteminin təkrar auditinin uğurla tamamlanması mühüm bir nailiyyətdir. O, qeyd edib ki, bu audit yalnız qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləmir, həmçinin imtahan prosesində ədalət, etibarlılıq və mükəmməlliyə sadiqliyini də nümayiş etdirir. Qurumunuzun yüksək standartların tələblərinə olan bağlılığı təkcə Azərbaycandakı təhsilin inkişafına kömək etmir, eyni zamanda, regionda və dünyada digər qurumlar üçün də əla nümunədir. Çıxışın sonunda cənab Brauer audit prosesinin nəticəsi olaraq, RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatını M.Abbaszadəyə təqdim edib.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən Niderland Krallığının İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub.