"Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd Amerikanın Cənubi Qafqazda Rusiyanın riçaqlarının zəiflədilməsinə hesablanmış bir sazişdir. Çünki Rusiya hər zaman regionda Ermənistan vasitəsilə siyasətini həyata keçirib, maraqlarını təmin edib".
Bu fikirləri Newscenter.az-a "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, sözügedən sənəd Ermənistan çapına sığmayan sazişdir. Mərkəz rəhbəri qeyd edib ki, sənəddə Ermənistanı demokratik ölkə kimi dəyərləndirilməsi kökündən yalnışdır.
Ramil Hüseynov hesab edir ki, imzalanan sənəd İran üçün də ciddi təhlükədir və bu səbəbdən Tehran sözügedən sənədə öz kəskin reaksiyasını bildirməlidir:
"Bildiyimiz kimi İranla Amerika arasında olan problem uzun illərə dayanır. Hələ dövlət katibi Hillari Klintonun vaxtında bu problemin həlli üçün bir proyekt ortaya qoyulmuşdu. Lakin həmin layihənin icrası yarımçıq qaldı. İndi həmin layihənin davam etdirilməsi üçün bu kimi addımları davam etdirirlər. Qeyd etdiyim kimi bu Ermənistanın çapında olan bir saziş deyil və digər ölkələrlə bağlı olan planın tərkib hissəsidir. Yəni, bununla demək istəyirlər ki, biz öz niyyətimizdən geri çəkilməmişik və lazım olduqda istənilən addımlar atacağıq. Ona görə də biz İrandan ABŞ-Ermənistan strateji tərəfdşlıq sənədinə ciddi reaksiya göstərilməsini gözləyirik".
Süleyman