AZ

Cənubi Qafqazda sabitliyin yenidən pozulması ehtimalları yüksəkdir



"Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında imzalanan, iki ölkə arasında strateji tərəfdaşlıq sənədi, sözsüz ki region ölkələri üçün heç də məqbul hesab oluna bilməz. O cümlədən İran üçün də dost hesab etdiyi Ermənistanın, düşmən hesab etdiyi ABŞ-la belə bir tərəfdaşlıq sənədi imzalamaları, Tehranı qıcıqlandırmalıdır. Çünki, imzalanmış sənədə istinad etsək, ABŞ yaxın vaxtlarda Ermənistanla birgə çalışmaq üçün sərhəd təhlükəsizliyi sahəsində bu ölkəyə mütəxəssislər göndərməyi planlaşdırır. Həmçinin birgə təlimlərin keçirilməsi də tərəfdaşlıq sənədində yer alıb".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki. Vaşinqtonla belə bir tərəfdaşlıq sənədi imzalamaq Ermənistanın ikitərəfli əlaqələri inkişaf etdirmək çərçivəsində suveren hüququ hesab olunur:

"Amma, sazişin siyasi və digər baxımdan region ölkələrinə qarşı təhdid olmaması lazımdır. Bu baxımdan istər İranın, istər Rusiyanın, istərsə də Azərbaycanın bu sazişdən dolayı narahatlıqları anlaşılandır. İranın yaxın gələcəkdə sərhədlərində ABŞ əsgərlərini görməsi, ona Ermənistanın nə qədər dost və nə qədər düşmən ölkə olduğunu mütləq göstərəcək. Digər tərəfdən inanıram ki, Azərbaycan hökuməti ilə, ABŞ-ın yeni seçilmiş hökuməti, yaranmış vəziyyətlə bağlı müzakirələr aparması üçün hərəkətə keçəcək.

Sazişə gəlincə, sazişin bağlanması əslində bilinən və gözlənilən idi. ABŞ 2023-cü ilin sonlarından etibarən Ermənistana ciddi şəkildə dəstək verir. Dəstək zaman-zaman hərbi və maliyyə yardımları şəklində həyata keçirilib. 2024-cü ilin iyun ayından etibarən ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş barədə danışıqlar başladı və sazişin imzalanması bu baxımdan gözlənilən olub. Əslində bu sazişin 2009-cu ildə Gürcüstanla ABŞ arasında bağlanma nümunəsi var. Ermənistanla bağlanan sazişin eynilə Gürcüstanla olan nümunəsi, deməyə əsas verir ki, sazişin heç bir zəmanət verici hüquqi bazası yoxdur. Ermənistan üçün bu sazişin faydaları ola bilsə də, sazişin region və xüsusilə də qonşu ölkələrə qarşı təhdid hesab olunması baxımından İrəvanın təzyiqlərə məruz qalma ehtimallarını özündə saxlayır".

Ekspert deyib ki, bağlanmış saziş, Rusiya və İran tərəfindən təhdid kimi qəbul edilib və bu səbəbdən Ermənistana qarşı bu iki ölkə tərəfindən mütləq təzyiqlər olacaq:

"Bu təzyiqlər nəticəsində Cənubi Qafqazda sabitliyin yenidən pozulması ehtimalları yüksəkdir. Azərbaycan hökumətinin üzərinə böyük məsuliyyət düşür və biz hər zaman olduğu kimi beynəlxalq hüququn və əmin-amanlığın tərəfindəyik".

Anar Əliyev
Seçilən
0
newscenter.az

1Mənbələr