AZ

“Qış parkı” işi ilə bağlı yekun qərar - Avropa Məhkəməsi 3 milyona yaxın təzminat qərarı verdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro (3 milyon manata yaxın) məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb.

“AzPolitika” “haqqin.az”a istinadən xəbər verir ki, məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.

Qeyd olunub ki, 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb.

Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.

Məlumata görə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.

Qərara əsasən, ərizəçilərdən İ. Bağvanova 370 min, D. Quliyevaya 98 min, E. Hüseynova 46 min, K. Əliyevaya 28 min, İntizar və Zərifə Allahverdiyevalara birlikdə 156 min, M. Əzimovaya 65 min, M. Əliyevaya 88 min, V. Mahmudovaya 122 min, R. Məmmədə 155 min, S. Əzizovaya 8,3 min, F. Əliyevə 30 min, Y. Kərimovaya 136 min, F. Qədirovaya 7,1 min, R. Hüseynovaya 106 min, A. İsmayılovaya 117 min, Ş. Rzayeva və Ə. Rzaya birlikdə 12 min və L. Əliyevaya 88 min avro məbləğində maddi zərər əvəzi ödəməlidir.

Qərar həmçinin, ərizəçilərdən L. Əliyeva, A. İsmayılova, F. Qədirova və Y. Kərimovanın hər birinə 4700 avro məbləğində mənəvi zərər əvəzi ödənilməsini nəzərdə tutur. Hökumət yerdə qalan 14 ərizəçinin hər birinə isə 3 min avro məbləğində mənəvi zərər əvəzi ödəməlidir.

Ərizəçilərə qeyd edilənlərdən başqa ümumilikdə, 692 avro məbləğində poçt və digər xərclərin əvəzi ödənilməlidir.

Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir.

“AzPolitika.info”

Seçilən
3
1
azpolitika.info

2Mənbələr