Xəstəlik zamanı düzgün qidalanma orqanizmin müqavimətini artırmaqda mühüm rol oynayır. Bu vəziyyətdə virus yoluxmuş uşaqlar üçün hansı qidaların daha faydalı olduğu və hansı ərzaqlardan uzaq durulması lazım olduğu barədə düşünmək vacibdir.
Bəs, belə hallarda valideynlər uşaqların menyusuna hansı qidaları əlavə etməlidir ki, onların immuniteti möhkəmlənsin?
AzEdu.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, həkim pediatr Nigar Bayramova bildirib ki, özümüzü və övladlarımızı virus infeksiyalarından qorumaq üçün yalnız qidalanma kifayət etmir:
“İmmunitet sistemimiz zəifdirsə, payız-qış aylarında virus infeksiyaları bizi asanlıqla xəstələndirə bilər. Eyni vəziyyət uşaqlar üçün də keçərlidir. Xüsusilə bağça və məktəbə gedən uşaqlar arasında virusların yayılma ehtimalı çox yüksəkdir.
Soyuq aylarda uşaqların qapalı məkanlarda daha çox vaxt keçirməsi və bədən müqavimətlərinin aşağı olması səbəbindən qrip, təkrarlayan sinusitlər, zökəm, boğaz infeksiyaları və qulaq ağrıları ən çox rast gəlinən xəstəliklərdəndir. Payız-qış aylarında hər ay 5-6 dəfə və ya daha çox xəstələnən uşaqlarla tez-tez qarşılaşırıq. Valideynlərin ən çox verdiyi sual isə uşaqları xəstəliklərdən qorumaq üçün hansı tədbirlərin görülə biləcəyidir”.
Pediatr, uşaqların xəstəlikdən qorunması üçün bir neçə tövsiyə verib:
“Körpələrdən danışırıqsa, ilk növbədə uşaqların ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanması xəstəliklərin sayının azalmasına səbəb olur. Digər vacib məsələ isə peyvəndlərin vaxtında vurulmasıdır. Bu, uşaqlar arasında öskürək və yüksək temperaturla müşayiət olunan xəstəliklərin azalmasına kömək edir.
Payız və qış aylarında uşaqların qidalanmasında A, C və B qrupu vitaminləri ilə zəngin, həmçinin protein tərkibli məhsulların istifadəsini tövsiyə edirik".
Pediatr bildirib ki, mövsümə uyğun yerli meyvələrdən nar, alma və portağal immun sistemini gücləndirmək üçün faydalıdır:
“Həmçinin, tərkibində bol miqdarda A vitamini olan tünd yaşıl yarpaqlı, sarı və narıncı rəngli tərəvəzlər, yüksək protein tərkibli ət, süd məhsulları və yumurta bədənin xəstəliklərə qarşı mübarizəsində mühüm rol oynayır.
Bununla yanaşı, özümüzü və övladlarımızı virus infeksiyalarından qorumaq üçün yalnız qidalanma kifayət etmir. Otaqların havasını dəyişmək, əllərin düzgün yuyulmasını öyrətmək, eyni stəkandan su içməmək, xəstəlik zamanı uşaqları öpməkdən çəkinmək, ehtiyac olduqda maska taxmaq və uşaqları qalın deyil, düzgün geyindirmək xəstəliklərin yayılmasının qarşısını almaqda kömək edəcək".