AZ

Dəm qazından ölümlər niyə artıb? - Ekspert

Əgər bir otağın 4.5% həcmi qədər tüstü yığılarsa, orada zəhərlənmə ehtimalı yaranır.

Bu sözləri Axar.az-a açıqlamasında kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov dəm qazından zəhərlənmə halları ilə bağlı danışarkən bildirib.

Ekspert qeyd edib ki, dəm qazı bütün karbohidrogen maddələrin - neft, ağac, kömür, daş kömür və s. natamam yanmasından əmələ gələn tüstünün tərkibində olur:

“Dəm qazı zəhər istehsal etdiyi üçün hər zaman təhlükəlidir. Ona görə də dəm qazı olan otağı tez-tez havalandırmaq vacibdir. Qazı açıq qoyub yatmaq da çox təhlükəlidir, ancaq insanlar buna məhəl qoymur. Küləkli havalarda tüstünün borulardan geri qayıtma ehtimalı olduğu üçün xüsusilə diqqətli olmaq lazımdır.

Əlavə olaraq qeyd edim ki, təhlükəsizlik baxımından vacib olmasına baxmayaraq, Bakıda tüstü bacaları 40 ildir ki, təmizlənmir. Tüstü bacalarının içində yığıntı və ya çökmə yarana, hətta quşlar yuva qura bilər. Buna da xüsusi diqqət etmək lazımdır. Həmçinin, Azəriqaz İB bu məsələyə nəzarət etməlidir.

Bundan əlavə, qazdan istifadə edən şəxslər də məlumatsız olduğu halda qaz sobasını düzəltməyə çalışıb, təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Mütləq şəkildə maarifləndirmə aparılmalıdır. Məsələn, tüstü bacalarının öz ölçüsü var və istəyə uyğun hazırlana bilməz. Həmçinin, tüstü bacası damdan 30 sm hündür və üst hissəsində papaq olmalıdır ki, təhlükə yaratmasın.

Təəssüf ki, ehtiyatsız davranan insanlar qaz sızmasına və ya partlayışa səbəb olmaqla təkcə özünə yox, ailə üzvlərinə, qonşularına, məhlədə yerləşən digər evlərə, hətta yoldan keçən şəxslərə belə zərər verə bilirlər”.

Seçilən
7
axar.az

1Mənbələr