Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı"da heyətin kasad olması hamımıza məlumdur.
Amma durumun baş məşqçi Ayxan Abbasovun boşluğu doldurmaq üçün məşqlərdə üçüncü qapıçı Abdulla Seydəhmədovdan sahə oyunçusu kimi istifadə etməsi qədər ağrılı olduğunu bilmirdik.
Təcrübəli mütəxəssis hətta "Sabah"la yoxlama matçında da qolkiperin xidmətindən meydan oyunçusu kimi istifadə etdi.
Və bu komanda mövsümün birinci yarısında aktivinə 4 qələbə yazdıra bilib.
"Sabah"a məğlub olmayıb (3:1, 2:2), "Zirə"ni isə bir oyunda məğlub edib (1:0, 0:2).
Düzdür, "şirlər"in "Kəpəz" və "Sumqayıt" üzərində də qələbələri olub. Amma nə Gəncə, nə də Sumqayıt təmsilçisi "Zirə" və "Sabah" qədər geniş imkanlara sahib deyil.
Büdcəsi kimi legionlerinin səviyyəsi də aşağıdır. Onlarla görüşdə qələbə qazanmaq imkanları aşağı deyil.
Amma Rəşad Sadıqovun və Vasili Berezutskinin sahib olduğu heyətlə hətta iki yaxşı "11-lik" düzəltmək olar.
Nə fayda? Bu qədər imkan, keyfiyyət qarşılığında Abbasovla bacara bilmirlər.
Arxada qalan oyunlara görə "Şamaxı"lı qəhrəman görünür.
Buna kasıbın varlı üzərində qələbəsi də demək olar.
Qarşıda daha iki duel var. Görək acizlər qəhrəmanla bu dəfə bacara biləcəkmi?
XANOĞLAN / SPORTİNFO.AZ