AZ

DİM-ə Niderland təşkilatının uyğunluq sertifikatı təqdim olunub

Niderlandın RCEC təşkilatı tərəfindən aparılan auditin nəticəsində DİM-ə fəaliyyəti ilə bağlı uyğunluq sertifikatı təqdim olunub.

APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzində (DİM) Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən aparılan təkrar auditin nəticələrinə və buna əsasən DİM-ə fəaliyyəti ilə bağlı uyğunluq sertifikatının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DİM-in rəhbərliyi və kollektivi, qurumla əməkdaşlıq edən ekspertlər və imtahan rəhbərləri, ictimaiyyət nümayəndələri və RCEC təşkilatının direktoru Jan Arnold Brauer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə RCEC təşkilatı tərəfindən aparılan təkrar auditin əsas məqsədinin DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsi ilə yanaşı, auditin nəticələrinə əsaslanaraq sisteminin effektivliyinin daha da artırılması olduğunu qeyd edib: "Bu sertifikat DIM-in fəaliyyətinin beynəlxalq standartlara uyğun olmasını təsdiqləyir. Növbəti üç il ərzində fəaliyyətimizi təkminləşdirərkən audit nəticəsində bizə verilmiş tövsiyyələri fəaliyyətə keçirəcəyik".

DİM sədri Məleykə Abbaszadə vurğulayıb ki, Azərbaycan possovet məkanında bu sertifikatı almış ilk ölkədir.

Daha sonra isə A.Brauer çıxış edərək qeyd edib ki, DİM-in Keyfiyyət İdarəetmə Sisteminin təkrar auditinin uğurla tamamlanması mühüm bir nailiyyətdir. O bu sertifikatın dörd meyar üzrə – test tapşırıqlarının tərtibi, imtahanların təşkili, imtahan materiallarının yoxlanılması və imtahan prosesinin qiymətləndirilməsi proseslərinin auditi nəticəsində verildiyini bildirib.

O qeyd edib ki, bu audit yalnız qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləmir, həmçinin imtahan prosesində ədalət, etibarlılıq və mükəmməlliyə sadiqliyini də nümayiş etdirir: “Qurumunuzun yüksək standartların tələblərinə olan bağlılığı təkcə Azərbaycandakı təhsilin inkişafına kömək etmir, eyni zamanda, regionda və dünyada digər qurumlar üçün də əla nümunədir”.

Çıxışın sonunda cənab Brauer audit prosesinin nəticəsi olaraq RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatını M.Abbaszadəyə təqdim edib.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən Niderland Krallığının İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub.

DİM-ə
Seçilən
2
5
apa.az

7Mənbələr