Prezident İlham Əliyev “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Editor.az President.az-a istinadən xəbər verir ki, fərmanla “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.
Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.
Eləcə də “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 713 (Cild I) 2-ci hissəsinin ikinci abzası 2.1-ci bənd hesab olunur və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilir:
“2.2. həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı) 2.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 2.20-ci bənd əlavə edilir:
“2.20. həmin Qanunun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində “informasiya sistemi” dedikdə “Bələdiyyələrlə iş” informasiya sistemi nəzərdə tutulur.”.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.