Misli Premyer Liqasında ikinci yarının başlanmasına bir neçə gün qalır. Çempionatın lideri “Qarabağ” 18 oyunda 7 xal itirməklə (1 məğlubiyyət, 2 heç-heçə) yeni ilə ən yaxın izləyicisindən 8 xal öndə adlayıb.
Bir çox çempionatların liderləri Ağdam klubunun üstünlüyünə həsəd apara bilər. İdman.biz “Qarabağ”dan daha yaxşı üstünlüklə və daha az itki ilə yeni ilə qədəm qoyan Avropa milli çempionatlarının liderlərini nəzərdən keçirib.
Hər iki baxımdan ən yüksək göstərici Serbiya çempionatında “Srvena Zvezda”dadır. 20 oyunda 19 qələbə qazanıb 1 dəfə heç-heçə edən və məğlubiyyətin nə olduğunu bilməyən Belqrad təmsilçisi cəmi 2 xal itirib. Serbiya çempionatının lideri ən yaxın izləyicisini 17 xal qabaqlayır. Bu isə o deməkdir ki, “Srvena Zvezda” ən pis ssenaridə belə mövqeyini ən azından 5 tur qoruyacaq. Bir qədər real baxsaq isə, çempionun adını indidən də 99 faiz söyləmək olar.
Türkiyədə “Qalatasaray” və Bolqarıstanda “Lüdoqorets” cəmi 4 xal itiriblər. Hər iki məğlubiyyətsiz klub iki dəfə heç-heçə edib. İstanbul klubu bunu 18, Razqrad təmsilçisi isə 19 oyunda edib.
Lüksemburqda “Differdanj”, Maltada “Birkirkara” 1 heç-heçə, 1 məğlubiyyətlə 5 xalı əldən veriblər. Doğrudur, maltalılar cəmisi 11 oyun keçiriblər və 18-20 oyun keçirmiş digər çempionatların liderlərinin yüksək göstəricilərinə çatmaq üçün komanda hələ uzun itkisiz seriya ilə addımlamalıdır. Lüksemburq klubu isə hələlik 15 turu arada qoyub.
Moldovada 14 oyundan 3-nü heç-heçə başa vuran “Şerif” 6 xal itirib.
“Qarabağ”la eyni göstəriciyə (1 məğlubiyyət, 2 heç-heçə, 7 xal itki) Şotlandiyada “Seltik” (22 oyun), Çexiyada “Slaviya” (19), Bosniya və Herseqovinada “Zrinski” (17), San Marinoda “Virtus” (15) malikdirlər.
Ən yaxın izləyicini qabaqlamaq baxımından Avropada “Srvena Zvezda”dan savayı daha 5 klub “Qarabağ”dan daha böyük üstünlüyə malikdir. Şotlandiyada “Seltik” 2-ci yerdən 15 xal öndədir. Bolqarıstanda “Lüdoqorets” 13, Çernoqoriyada “Buduçnost” 12, Türkiyədə “Qalatasaray” və Moldovada “Şerif” 11 xal üstün durumdadırlar.
Vüqar Məmmədov
İdman.biz