AZ

“Tahir Salahovun əllərinin formasını morqda çıxartdım”

Gencexeber.az-ın bugünkü müsahibi Mingəçevir şəhərində peşəkar rəssamlığa başlayan, heykəltəraşlıq sahəsində uğurlara imza atan və “Danışan Əllər” layihəsini ərsəyə gətirən Namiq Hüseynovdur.

Onunla müsahibəni təqdim edirik:

– Namiq bəy, öncə oxucularımız üçün özünüzü təqdim edərdiniz.

– 1986-cı ildə Şəki rayonu Turan qəsəbəsində anadan olmuşam. Orta məktəbi Turan qəsəbəsinin məktəbində oxumuşam. Uşaqlıqdan heykəltəraşlığa marağım olub, həmin vaxtlarda işlədiyim bir neçə fiqurları bu günə kimi saxlamışam. İlk dəfə peşəkar rəssamlığa Mingəçevir şəhərində müəllimim Abdulla Məmmədovun yanında başlaşmışam.

– Heykəltəraş olma qərarınızı necə verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

– İlk rəssamlıq təhsilimi Azərbaycan Rəssamlıq Akademiyasının Qrafika ixtisasında (2004-2008 illərdə) Xalq rəssamı, professor Yusif Hüseynovun emalatxanasında almışam. Akademiyanı bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Təsviri incəsənət” kafedrasında işləməyə başladım. Peşəkar heykəltəraşlıqla burda tanış oldum. Bu kafedrada Azərbaycanın məşhur heykəltəraşları, professor Albert Mustafayev və İbrahim Aşurov işləyirdi və mənə heykəltəraşlığın sirlərini öyrətdilər. İbrahim Aşurovun məsləhəti ilə yenidən ikinci təhsil olaraq akademiyaya oxumağa gəldim. Xalq rəssamı, akademik Tokay Məmmədovun emalatxanasında bakalavr təhsili aldım (2009-2013). Daha sonra (2020-2022) Xalq rəssamı, akademik Ömər Eldarovun emalatxanasında magistr pilləsi üzrə təhsilimi davam etdirdim. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının heykəltəraşlıq kafedrasında saat hesabı müəllim vəzifəsində çalışıram.

– Ailəniz bu qərarınızı necə qarşıladı?

– Ailəm hər zaman yanımda idi. Həm təhsil alarkən, həm də digər sahələrdə dəstək olublar. Xüsusən də qardaşımın əlini hər zaman çiynimdə hiss etmişəm. Əllər layihəsinin reallaşmasında həm maddi, həmdə mənəvi dəstəyini əsirgəməyib.

– Yaradıcı prosesiniz necədir? Əsərlərinizin mövzusunu və formalarını necə seçirsiniz?

– Yaradıcılıq çox maraqlıdır və hər bir insanın öz yanaşması var bu işdə. Çünki bizim sahə fərdi sənət olduğu üçün mövzular çox vaxt axtarışlar nəticəsində ortaya çıxır. Bəzən də təsadüfən yaranır, hansısa bir hadisə işin yaranmasına təsir edir.

Buna misal olaraq sizə deyə bilərəm ki, diplom işi üçün bir neçə mövzu üzərində çalışırdım. Bir gün Filarmoniyada konsertə getdim. Orada bir violonçel ifaçısının musiqisi məni özünə çəkdi və qərar verdim ki, diplom işini bu mövzuda işləyəcəm. Bir neçə variantda eskiz etdikdən sonra müəllimlərimlə belə qərara gəldik ki, Mstislav Rastrapoviçin heykəlini hazırlayım. Daha sonra bu mövzuda materiallar topladım, Rastrapoviçin qızı Olqa xanımla görüşdüm, eskizləri məsləhətləşdim. Bir variant seçib onun üzərində böyük formada çalışdım, çox uğurlu bir diplom müdafiəm oldu. Diplom işimin eskizlərinin bir neçə variantı Rastrapoviçlərin ev muzeyində saxlanılır.

– Daha çox əl heykəllərini yaratmaqla tanınırsınız. İlk dəfə hansı məşhurun və ya hansı şəxsin əllərinin portretini hazırlamısınız?

– Bizim “Danışan Əllər” layihəsi təsadüf nəticəsində yarandı. Vətən müharibəsi yeni başa çatmışdı və günlərin birində radioda Cənab prezidentin çıxışı gedirdi. “Dəmir yumruq” ətrafında xalqımızın birliyini göstərən sözlər eşitdik. Elə bu sözdən qərara gəldik ki, “Dəmir yumruq” və onun ətrafında Vətən Müharibəsi Qəhrəmanlarının əllərinin formasını xüsusi material ilə çıxaraq, əllərdən ibarət heykəl sərgisi edək. Beləliklə, bu layihəyə start verdik. Lakin müharibə yeni bitdiyinə görə qəhrəmanlarımızla görüşmək baş tutmadı.

Layihəni bir az da genişləndirərək Azərbaycanda tanınmış elm, incəsənət və idman sahəsində uğurlar qazanmış insanların əllərinin formasını çıxarmağı qərara aldıq. Layihəmizə ilk olaraq Xalq şairi Nəriman Həsənzadə ilə başladıq və xeyir-duanı Nəriman müəllimdən aldıq.

– Həmin dövr pandemiyaya təsadüf edirdi. Bu zamanlarda görüşlərinizi necə qururdunuz?

– Həqiqətən, həmin dövrlər çox çətin idi. Pandemiya vaxtı bəzi məşhurlarımız yaşlı olduğu üçün onlarla görüşmək, görüşə razı salmaq olduqca qəliz olurdu. Çünki əlimizdə nümunələr yox idi. Uzun müddət bu işlərlə məşğul olduq. Və başladıq kolleksiyanı toplamağa.

– Səhv etmirəmsə, tək Azərbaycan yox, dünyaca tanınmış insanların da əllərinin formasını hazırlayırsınız.

– Əllər layihəsini topladıqca yeni fikirlər yaranırdı. Tək Azərbaycan deyil, dünyada tanınmış insanların əllərinin formasını çıxarmaq, kolleksiyanı böyütmək və “Danışan Əllər” muzeyini yaratmağa qərar verdik. Keçən il ölkəmizdə Şahmat üzrə Dünya kuboku keçirilirdi. Biz şahmat üzrə dünya çempionu olmuş kişi və qadın şahmatçıların əllərinin formasını çıxardıq. Maqnus Karlsen, Nakamura Hikaru, Fabiano Karuana, Yuy Yani və bir çox məşhur şahmatçıların əllərinin heykəli hazırlandı.

– Namiq bəy, məşhurların əllərinin formasını çıxaran zaman proses necə aparılır? Həmin şəxsi dəvət edib əllərinə baxıb çəkirsinizmi?

– Bəli, əllərin forması çıxarılan zaman əvvəlcə danışıb, emalatxanaya dəvət edirik. Adətən yaşlı insan olanda özümüz evə gedib, əllərinin formasını çıxarırıq. Düzdü, belə olan halda bizim üçün çox çətindir. Amma bu tarixi bir işdir və bütün çətinliklərə dözmək lazımdı.

“Alginat” deyilən bir material var. Adətən stomatologiyada bu materiallardan istifadə olunur. Biz də bu materialdan istifadə edərək tez bir vaxtda əllərin formasını çıxarıb, sonra həmin formaya gips süzərək 5 dəqiqə ərzində onu hazırlayırıq. Hazır olduqdan sonra muzey üçün əllərlə foto çəkirik və həmin insanlar xatirə kitabına ürək sözlərini yazırlar.

– Bu günə qədər neçə məşhurun əllərinin surətini çıxarmısınız?

– Hazırda ümumi 220-dən çox məşhur insanların əllərinin formasını çıxarmışıq. Bu insanlar həm Azərbaycan, həm də dünyaca məşhur insanların əl heykəlləridir.

Hətta bir-iki nəfər qazimiz var. Onlar 44 günlük Vətən Müharibəsində əllərini və barmaqlarını itiriblər. Həmin qazilərimizin əllərinin formasını çıxarmışıq. İnşallah, növbəti dəfə həmin əlləri sərgiləyəcəyik.

– Heykəltəraşlıq sənətinin ən çətin tərəfi nədir?

– Hər sənətin çətinliyi olduğu kimi heykəltəraşlıq sənətinin öz çətinlikləri var. İlk növbədə materialların tapılması çox vaxt alır. Hər hansı bir işə başlamazdan öncə onun material məsələsini həll etməyə çalışırıq. Çünki müxtəlif materiallarla işləyirik. Öncə gildən və ya plastilindən hazırlanır, sonra materiala çevrilir (gips, mərmər, ağac, bürünc, qranit).

– Hər hansı bir sənətkar və ya heykəltəraş sizə ilham verir?

– Heykəltəraşlardan hər zaman böyük hörmət etdiyim, bu gün də mənə dəstəyini əsirgəməyən Ömər Eldarovdur. İlk müəllimim Tokay Məmmədova da borcluyam. Onların əsərləri mənə hər zaman ilham verir.

– Hazırda hansı məşhurun əlləri üzərində çalışırsınız?

– Bu günə kimi bir çox məşhur insanların əllərini çıxarmışıq və bu siyahı davam edir. Yaxın günlərdə Vətən Müharibəsi Qəhrəmanları və Paralimpiya üzrə 2 qat olimpiya, dünya və Avropa çempionu İlham Zəkiyevin əllərinin formasını çıxaracam.

– Sizin üçün heykəltəraşlıq nə deməkdir? Bu sənət sahəsi sizin həyatınıza necə təsir edib?

– Mənim üçün heykəltəraşlıq hər şeydir, özümü sənətsiz təsəvvür edə bilmirəm. Heykəltəraşlıqla yanaşı mən həm də Azərbaycanın məşhur rəssam və heykəltəraşları haqqında sənədli filmlər hazırlayıram. İstəyirəm insanlar heykəltəraşlıq əsərlərini necə yaradılmasını və paytaxtı bəzəyən möhtəşəm əsərlərin müəlliflərini tanısınlar.

– Bu illər ərzində qarşılaşdığınız ən maraqlı nüans nə olub?

– Bir maraqlı faktı danışım sizə. Biz bu layihəyə başlayanda Tahir Salahov sağ idi. Bir neçə dəfə onunla danışdıq, sadəcə pandemiya vaxtı olduğu üçün Moskvaya gedə bilmədik. Tahir Salahov Moskvada yaşayırdı və çox təəssüflər, biz onunla görüşə bilmədik. Yalnız onun ölümündən sonra nəşini Bakıya gətirəndə morqda maskasını və əllərinin formasını çıxardıq. Bu işdə bizə dəstək olan Əməkdar rəssam Teymur Rzayevə xüsusi təşəkkür edirəm. Teymur müəllimin köməkliyi ilə biz dövlət səviyyəsində icazə alaraq Tahir Salahovun əllərinin formasını hazırlaya bildik. Morqda belə bir şey etmək çox çətin idi.

– Sahənizlə bağlı gələcək hədəfiniz nədir?

– Bu layihədə ən böyük arzumuz Cənab prezidentin əllərinin formasını çıxararaq dünyanın ilk “Danışan Əllər” muzeyini açmaqdır. Düşünürəm ki, əllər muzeyi açılandan sonra insanlar üçün çox maraqlı bir yer olacaq. Həm tariximizi, həm də öz məşhur şəxsiyyətlərimizi tanıyacaqlar. 

Seçilən
4
news24.az

1Mənbələr