AZ

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

Berlin, 15 yanvar, AZƏRTAC

Almaniyanın Federal Statistika İdarəsi (Destatis) 2024-cü ildə ölkə iqtisadiyyatının 0,2 faiz gerilədiyini açıqlayıb. Bununla da iqtisadiyyatda ardıcıl ikinci il azalma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ümumi daxili məhsul keçən ilin sonuncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz, 2024-cü il ərzində isə bir əvvəlkinə nisbətən 0,2 faiz azalıb. Beləliklə, dünyada üçüncü olan Almaniya iqtisadiyyatı 2023-cü ildəki 0,3 faizlik azalmadan sonra ötən il də geriləyib. Ölkə iqtisadiyyatı sonuncu dəfə 2002-2003-cü illərdə ardıcıl iki il geriləmişdi.

İqtisadi geriləməyə struktur problemləri, satış bazarlarında artan rəqabət, enerji qiymətlərinin bahalaşması, inflyasiya, qeyri-müəyyən iqtisadi gözləntilər və s. ilə yanaşı, siyasi amillərin, o cümlədən Rusiya-Ukrayna müharibəsi, federal hökumətdəki büdcə mübahisələri və koalision hökumətin çöküşünün də səbəb olduğu bildirilir.

Ölkənin ən iri şirkətləri artan enerji qiymətləri və xaricdən tələbin azalması ilə yanaşı, Çin şirkətlərinin yaratdığı ağır rəqabət nəticəsində ciddi çətinliklərlə üzləşib. Bundan başqa, inşaat sektoru, maşınqayırma və kimya sənayesi kimi mühüm sahələrdə tələbin aşağı düşməsi ixracatın ötən illə müqayisədə 0,8 faiz azalması ilə nəticələnib. Rusiya-Ukrayna müharibəsi, fevralın 23-də keçiriləcək növbədənkənar federal seçkilər və qarşıdakı dövr üçün iqtisadi siyasət prioritetlərinin müəyyənləşməməsi bir sıra şirkətlərin iqtisadiyyata investisiya qoymaqdan çəkinməsinə səbəb olub.

Ölkənin mühüm maliyyə və iqtisadi qurumlarının 2025-ci illə bağlı proqnozları da nikbin deyil. Federal seçkilərlə bağlı müəyyən gözləntilər olsa da, Donald Trampın Avropadan idxal üçün gömrük tariflərinin artırılacağı ilə bağlı açıqlamaları narahatlıq yaratmaqdadır. Almaniya Mərkəzi Bankı (Bundesbank) 2025-ci ildə ölkə iqtisadiyyatının 0,2 faiz, İqtisadi Mütəxəssislər Şurası isə 0,4 faiz böyüyəcəyini proqnozlaşdırır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
3
1
azertag.az

2Mənbələr