AZ

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib.

Olaylar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

"Təyyarə qəzasının baş verdiyi gün hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Qara qutuların oxunması bu komissiyanın səlahiyyətindədir", - Baş Prokurorluqdan əlavə ediblər.

Həmçinin qeyd olunub ki, iş üzrə tam və hərtərəfli araşdırmanı təmin etmək məqsədilə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. "Hüquqi əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasına və Rusiya Federasiyasına beynəlxalq istintaq tapşırıqları göndərilib", - məlumatda bildirilir.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr