AZ

AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Gürcüstan parlamentinin sədri ilə görüşüblər

Tbilisi, 15 yanvar, AZƏRTAC

Tbilisidə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin üzvləri, Gürcüstan məsələləri üzrə həmməruzəçilər Edit Estrella və Klod Kern Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstanda gedən siyasi və sosial prosesləri müzakirə ediblər.

Söhbət zamanı parlamentin fəaliyyətindən, insan hüquqlarının qorunmasından və Gürcüstanın Avropa İttifaqına üzv olmaq səylərindən danışılıb.

Şalva Papuaşvili 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələrini diqqətə çatdırıb. O, parlamentin boykot edilməsini nəzərdə tutan və hər seçkidən sonra müxalifət üçün siyasi mübarizə silahı olan müxalifətin taktikasını Avropa Şurası nümayəndə heyətinin üzvlərinə təqdim edib.

Söhbət zamanı son bir neçə həftədir davam edən etiraz aksiyalarına da toxunulub.

Avropa Şurasının monitorinq missiyasının marağına əsaslanaraq xüsusilə qeyd olunub ki, Gürcüstan hökuməti Avropa İttifaqı ilə inteqrasiyanın real, vacib addımlarının vaxtında atılması və Gürcüstanın bütün tələblərə cavab verə bilməsi üçün böyük işlər görür.

Gələcək illərdə Avropa İttifaqına daxil olma prosesini uğurla başa çatdırmaq üçün standartlara və tələblərə uyğun tədbirlərin davam etdirildiyi vurğulanıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
6
1
azertag.az

2Mənbələr