Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.
Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.
Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.
AZCON öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir.
AZCON-un idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur.
AZCON-un Müşahidə Şurası (bundan sonra – Şura) AZCON-a ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Şura Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
Şura qərar qəbul etməkdə müstəqildir.
Şuranın vəzifələri aşağıdakılardır:
- AZCON-un və dövlət müəssisələrinin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını, habelə dövlət müəssisələrinə münasibətdə dividend siyasətini müəyyən etmək;
- AZCON-un mənfəətinin və zərərinin bölgüsünü, fəaliyyətinə dair illik hesabatı və illik maliyyə hesabatını, investisiya layihələrini və onların icrasına dair hesabatları təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
- normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, AZCON-un və dövlət müəssisələrinin hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;
- AZCON-un maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
- AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinə nəzarət etmək;
- icraçı direktorun və onun müavinlərinin fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətini yoxlamaq, habelə təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq onların fəaliyyətini qiymətləndirmək;
- Şura üzvlərinin və icraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
- AZCON-un və dövlət müəssisələrinin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
- AZCON-un və dövlət müəssisələrinin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZCON-un və dövlət müəssisələrinin aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
- AZCON-un və dövlət müəssisələrinin idarə, filial və nümayəndəliklərini, habelə törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq, onların idarəetmə orqanlarının üzvlərini (rəhbərlərini) vəzifəyə təyin və vəzifədən azad etmək;
- AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə AZCON-un idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
- AZCON-un, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
- dövlət müəssisələrinin müşahidə şuralarının üzvlərini, o cümlədən onların rəhbərlərini (icra orqanının rəhbərini Prezidentin təyin etdiyi qurumlara münasibətdə isə Prezidentlə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad etmək;
- dövlət müəssisələrinin Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etmək;
- icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat vermək, eləcə də icraçı direktorun müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- AZCON tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən dövlət müəssisələrinə həvalə edilməsi barədə qərar qəbul etmək;
- Şura sədrinin və icraçı direktorun səlahiyyətlərinə aid olmayan, bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Şuranın sədri 3 ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şura iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya icraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
Şuranın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani, informasiya texnologiyalarından istifadə etməklə distant, yaxud qarışıq formalarda keçirilə bilər.
Şura üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
Şuranın iclasında icraçı direktor iştirak edə bilər.
İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir.
Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icraçı direktora göndərir.
Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
Şuranın katibi:
- Şuranın iclaslarını təşkil edir;
- bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;