Bakı/09.08.23/Turan: Avqustun 9-da Laçın şəhərinə daha 23 ailə, o cümlədən 93 nəfər qayıdıb. Beləliklə, erməni işğalına son qoyulduqdan sonra doğma şəhərə qayıdan laçınlıların ümumi sayı 203 ailə (793 nəfər) olub.
Ümumilikdə, 2023-cü ilin sonunadək Laçın şəhərinə 700 ailənin köçürülməsi planlaşdırılır, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə bildirib.
O qeyd edib ki, yaxın həftələrdə Laçın rayonunun Zabux kəndinə də əhalinin qayıdışına başlanılacaq.
Artıq 20 ailə arasında evlərin bölüşdürülməsi üzrə püşkatma keçirilib.
Yaxın vaxtlarda ilk 144 ailə Füzuliyə qayıdacaq.
Laçın1992-ci ilin mayında ermənilər tərəfindən işğal edilmişdi. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatının şərtlərinə əsasən, 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin verilməsi Ermənistandan Qarabağda erməni əhalinin yaşadığı hissəyə gedən yolun onlardan keçməsi səbəbindən təxirə salınmışdı.
2022-ci ilin avqustunda yan keçməklə yolu inşasından sonra Laçın və iki kənd də işğaldan azad edildi. 06B