AZ

Daşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydası…

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb. Yanvarın 1-nə aktiv ƏDV ödəyicilərinin sayı 15,6 faiz artaraq 52,8 min təşkil edib. Ötən ilin yanvar-noyabr aylarında pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. Ötən ilin yanvar-noyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,7 min manatdan çox olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına, qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidirlər.

Vətəndaşların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb (https://www.taxes.gov.az/az/page/nagdsiz-qaydada-alinmis-yasayis-ve-qeyri-yasayis-sahelerine-gore-odenilmis-edv-nin-bir-hissesinin-qaytarilmasi). Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, bir sıra maarifləndirici məlumatları və s. əks olunub.

Qeyd edək ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

Seçilən
0
5
yenigundem.az

6Mənbələr