Mətin Məmmədli: "Bunlardan biri beynəlxalq məhkəmələrə müraciətdən birgə imtina, digəri üçüncü dövlətlərin Ermənistan-Azərbaycan şərti sərhədində mövcudluğuna son qoyulmasıdır"
"Cənubi Qafqaz dövlətləri bütün problemləri qonşu ölkələrlə həll etməlidir" . Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında ifadə edib.
“Region ölkələri bütün problemləri birbaşa qonşuları ilə həll etməlidir. Ərazimizdən, adət-ənənələrimizdən və tarix anlayışımızdan uzaq olan ölkələr müstəmləkəçi olmayan ölçüdə Aİ missiyasının Sünik bölgəsində təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, mən bunu heç də anlamıram. Ona görə də biz Prezident Əliyevin təşəbbüsünü fəal dəstəklədik, Prezident Ərdoğan da “3+3” mexanizminin yaradılması təşəbbüsünü dəstəklədi”, - deyə nazir vurğulayıb.
Lavrov, həmçinin qeyd edib: “Azərbaycanla Ermənistan arasında sülh sazişində iki həll olunmamış məsələ var. Onların üstündən keçmək çətindir. Ya “bəli”, ya da “xeyr” qərarını verməlisiniz”.
Rusiyalı nazir əlavə edib ki, sülh sazişinin nə vaxt və harada imzalanması Azərbaycan və Ermənistanın suveren qərarıdır".
Lavrov sazişdə iki həll olunmamış məsələ deyəndə nəyi nəzərdə tutur? Söhbət hansı iki məsələdən gedir?
"Təxmin edirəm ki, Lavrov da bu iki məqamı qeyd edir"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində, Lavrovun belə bir mövqe açıqlaması yeni məsələ deyil. "Region problemlərinin məhz region dövlətləri tərəfindən həll edilməli, müzakirə olunmalı olduğu mövqeyini həm Rusiya, həm Azərbaycan, həm Türkiyə bölüşür. Yəni əvvəllər də Azərbaycan rəsmi olaraq ən yüksək səviyyədə bəyan edib ki, kənar güclərin, kənar dövlətlərin bu regiona cəlb edilməsi, xüsusən də geosiyasi və təhlükəsizlik baxımından o qədər də fayda gətirməyəcək. Region ölkələri ilk növbədə özləri həll yollarını tapmalıdır, region daxilində məsələlər həll olunmalıdır. Yəni müəyyən məsələlər var ki, burda Azərbaycanın digər region dövlətləri ilə mövqeyi üst-üstə düşür. O məsələlərdən də biri budur, region problemlərinin region daxilində həll edilməsi. Bu baxımdan qeyd etdim ki, Lavrovun da bu mövqeyi bizim üçün yeni deyil".
Sülh müqaviləsində razılaşdırılmayan iki bəndə gəlincə, M.Məmmədlinin fikrincə, Lavrovun dediyini Prezident İlham Əliyev bir müddət əvvəl dilə gətirib. "Sülh müqaviləsində iki həll edilməyən məsələyə gəlincə, bunu Lavrov deməmişdən əvvəl Azərbaycan Prezidenti Rusiya mətbuatına müsahibəsində qeyd etmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, 17 bənddən ikisi razılaşdırılmayıb. Bunlardan biri beynəlxalq məhkəmələrə müraciətdən birgə imtina, digəri üçüncü dövlətlərin Ermənistan-Azərbaycan şərti sərhədində mövcudluğuna son qoyulmasıdır. Yəni bu iki məsələ barədə ölkə başçısı öz müsahibəsində açıq şəkildə bəhs etmişdi. Təxmin edirəm ki, Lavrov da bu iki məqamı qeyd edir" - deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA