AZ

ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

Image

Rəşad Bayramov: “Bu qorxunu aradan qaldırmaq üçün ABŞ-la belə bir sənəd imzalayıb görüntü yaradırlar”

Məlum olduğu kimi, ABŞ və Ermənistan strateji tərəfdaşlıq komissiyasının yaradılması haqqında xartiya imzalayıblar. Vaşinqtonda baş tutan mərasimdə sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.

Tərəflər bildiriblər ki, strateji tərəfdaşlıq komissiyası iqtisadiyyat (energetika və innovasiyalar daxil olmaqla), müdafiə, təhlükəsizlik, demokratiyanın inkişafı və ədalət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi planını müəyyən edəcək. “Yaxın həftələrdə (gələn ay) ABŞ Gömrük və Sərhəd Mühafizəsi üzrə ekspertlər qrupu sərhəd təhlükəsizliyi imkanlarını gücləndirmək üçün Ermənistana gedəcək”, - Blinken bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, hər iki ölkə dinc nüvə enerjisinin inkişafı üzrə saziş üzərində işə başlamağa hazırdır. Öz növbəsində Ermənistan XİN rəhbəri bu sənədin ən son beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq nüvə energetikasının inkişafı üçün sahə yaradacağı barədə fikir bildirib.

Bütün bu deyilənlərin fonunda, Ermənistan-ABŞ strateji sazişinin altında nə yatır? Bu, bölgədə sülh üçün nə vəd edir? Birləşmiş Ştatlar nə planlayır?

“Bayden administrasiyası ABŞ-ın Cənubi Qafqaz maraqlarını, məhz Ermənistan istədiyi şəkildə...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna bir neçə prizmadan yanaşdı: “Məlumdur ki, ABŞ-la Ermənistan arasında strateji dialoq səviyyəsinin strateji tərəfdaşlığa yüksəldilməsi istiqamətində artıq bir neçə aydır müəyyən proses gedir. İndiki mərhələdə, yəni Bayden hakimiyyətinin artıq sona çatdığı bir dövrdə Tramp hakimiyyəti dövründə müvafiq sənəd müəmmalı göründüyü üçün, həm Ermənistan, həm də ABŞ tərəfi tez bir zamanda belə bir sənəd imzaladılar. Ermənistan üçün bu o baxımdan vacib idi ki, daxili auditoriyada Rusiyaya qarşı həmlələri izah etmək mümkün olsun. Çünki Rusiya ilə münasibətlərin tədricən pozulması erməni ictimaiyyətində bir qorxu sindromu formalaşdırır. Bu qorxunu aradan qaldırmaq üçün ABŞ-la belə bir sənəd imzalayıb görüntü yaradırlar. O üzdən, belə bir imaj yaratmaq Ermənistanın indiki hakimiyyəti üçün vacib idi. İkinci bir tərəfdən isə, sözügedən sazişin indi imzalanması perspektivdə Tramp administrasiyası ilə də bu istiqamətdə gələcək danışıqların aparılması üçün faktiki olaraq bir imkan ortaya qoyur. Düzdür, sənədin dövlət başçıları tərəfindən deyil, xarici işlər nazirləri səviyyəsində imzalanması faktiki olaraq niyyət kimi qəbul olunmalıdır. Ancaq bütün bunlara baxmayaraq, indiki mərhələdə hətta bu belə, Ermənistan üçün müəyyən dividend görüntüsü yaradır. Bayden administrasiyası ABŞ-ın Cənubi Qafqaz maraqlarını məhz Ermənistan istədiyi şəkildə davam etdirilməsini ortaya qoymaq üçün gələcək hakimiyyətə belə bir sənəd qoyub getdi. Onlar ümid edirlər ki, Tramp administrasiyası da bu yöndə fəaliyyəti davam etdirəcək. Ancaq bütün bunlar o demək deyil ki, Tramp administrasiyası üçün bu sənəd prioritet olacaq. Çünki Tramp birinci prezidentliyi dövründə göstərdi ki, özündən əvvəl imzalanmış bu və ya digər sənəd, götürülmüş öhdəlik onun üçün elə bir əhəmiyyət kəsb etmir. Məsələn, Tramp bəyan edir ki, Ümumdünya Səhiyyə Təşkilatından çıxacaq. İndiki hakimiyyətdən fərqli mövqe tutacağını bəyan edir. Bu isə o deməkdir ki, xarici siyasəti fərqli olacaq. Konkret sazişə gəldikdə isə, saziş bir sıra məsələlərdə əməkdaşlığı ehtiva etsə də, sırf hərbi baxımdan özündə əməkdaşlıq perspektivlərini əks etdirmir. Ona görə də indiki mərhələdə gözləmək lazımdır. Ancaq bu saziş bizim üçün elə bir əhəmiyyət kəsb etmir. Biz kiməsə görə öz siyasətimizi müəyyən etmirik. Azərbaycanın öz konkret mövqeyi və xarici siyasət kursu var”.

Vidadi ORDAHALLI





Seçilən
9
baki-xeber.com

1Mənbələr