Milli Məclisin deputatı Soltan Məmmədov Çinə səfəri zamanı bir sıra görüşlər keçirib.
Deputat Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədr müavini Jiang Jiang ilə görüşdük. Görüşdə cənab J. Jiang Azərbaycanla Çin arasında əlaqələr, Heydər Əliyev Fondunun Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə əməkdaşlığının müsbət nəticələri haqqında fikirlərini bildirdi. İki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin, münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulandı.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla evsahibliyi etdiyi xüsusi qeyd olundu. Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının gələcəkdə həyata keçirməyi planlaşdırdığı birgə layihələrlə bağlı fikir mübadiləsi aparıldı.
Çin Xalq Respublikasına səfər çərçivəsində daha bir maraqlı görüş Sügou şəhərinin kommunist partiyası komitəsinin Baş Katibi Cənab Sonq Leveylə keçirildi. Görüşdə Azərbaycanla Çin arasında əlaqələrin inkişafının hər iki ölkənin mənafelərinə xidmət etdiyi vurğulandı. Mədəni və humanitar əməkdaşlığın daha da dərinləşməsi üçün yeni ideya və təkliflərin müzakirəsinin zəruri olduğu bildirildi.
Çinə səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafı istiqamətində görülmüş işlər haqqında məlumat verdim. Parlamentlərin, o cümlədən parlamentlərarası dostluq qruplarının ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verə biləcəyi qeyd olundu.
Millət vəkili bildirib ki, Çin Xalq Respublikasına səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədri müavini Vanq Kı ilə görüşüb.
Görüş çərçivəsində Azərbaycan Respublikası Milli Məclis rəhbərliyinin salamlarını çatdırdım. Parlamentlərarası əlaqələrin inkişafı üçün dostluq qruplarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyəti barədə danışdıq. Cənab Vanq Kı Ümumçin Xalq Nümayəndələri Yığıncağının Azərbaycana səfər etməklə bağlı təklifimizi məmnuniyyətlə qəbul etdiyini bildirdi.
Milli Məclis rəhbərliyinin tapşırığına uyğun olaraq, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində çinli həmkarlarımızla birgə işləməyə hazır olduğumuzu diqqətə çatdırdım.
Deputat qeyd edib ki, Çin Xalq Siyasi Məşvərət Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Lin Songtian ilə görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. Cənab Lin iqtidar partiyaların sıx əməkdaşlığının olduğunu vurğuladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və inkişafında mühüm rolunun Çində yüksək qiymətləndirildiyini qeyd etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasəti hər zaman dəstəklədiklərini və ölkəmizdə hökm sürən sabitliyin əhəmiyyətini vurğuladı. Çinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin inkişafında da maraqlı olduğunu bildirdi.
Soltan Məmmədov bildirib ki, Azərbaycanın Vahid Çin siyasətini hər zaman dəstəklədiyi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətində Çin Xalq Respublikasının iştirakının mühüm əhəmiyyətə malik olduğu vurğulandı. Heydər Əliyev Fondunun Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə həyata keçirdiyi layihələr haqqında məlumat verildi.
Son olaraq, hər iki rəhbər şəxs 2024-cü ilin iyul ayında Azərbaycanla Çin arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamənin hər iki ölkənin əməkdaşlığının daha da gücləndirilməsi üçün geniş imkanlar açdığını qeyd etdi.