"Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd əslində Ermənistanı müdafiə etməkdən daha çox Amerikanın Cənubi Qafqazda möhkəmlənməsi və Rusiyanın regiondan sıxışdırılmasına hesablanıb. Bu müqavilə İran üçün də ciddi təhlükə sayıla bilər. Çünki Amerika hərbiçilərinin sərhəd təhlükəsizliyi adı altında Ermənistanda yerləşdirilməsi nəzərdə tutulur ki, bu da Tehranın düşmən hesab etdiyi Amerikanın İranın sərhədlərinə yaxınlaşması deməkdir. Azərbaycan-İsrail əməkdaşlığından narahat olan İranın Vaşinqtonda Amerika ilə Ermənistan arasında imzalanmış sənədə qarşı ciddi cavab verəcəyini gözləyirik".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədini şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, ancaq İranın indiki halda susqunluğu molla rejiminin qeyri-səmimiliyini ortaya qoyur:
"İranın əsas dərdi regionda Azərbaycanın güclənməsi və qüdrətli dövlətə çevrilməsidir. Əks halda zaman-zaman cənub qonşumuzdan ölkəmizə qarşı təxribatlar, təhdid dolu bəyanatlar səsləndirilməzdi. Görünən odur ki, İran Azərbaycanın sürətli inkişafının qarşısını almaq, dövlətimizə qarşı zərbə vurmaq üçün şeytanla belə əməkdaşlığa getməkdən çəkinmir. Əgər belə olmasaydı İran Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxlayan təcavüzkar dövlət olan Ermənistan üçün nəfəslik rolunu oynamazdı".
Arzuman Muradlı deyib ki, İran üçün qırmızı xətt yalnız Azərbaycana qarşı olan düşmən münasibətdə yada düşür:
"Maraqlıdır ki, sərhədlərinə doğru yaxınlaşan Amerikanın bu addımı İran üçün qırmızı xəttin keçilməsi demək deyilmi və Tehran qırmızı xəttini niyə qorumur?".
Süleyman