AZ

Dövlətin minimum əməkhaqqını hər il artırmaq kimi öhdəliyi yoxdur – İQTİSADÇI EKSPERT

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin dekabr ayında istehlak qiymətləri indeksinin 2023-cü ilin dekabr ayına nisbətən 104,9%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 %, qeyri-qida məhsulları üzrə 102,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3% təşkil etməsi ilə bağlı məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, 2023-cü ildə inflyasiyanın 8.8 %, ötən il isə hələ rəsmi məlumat verilməsə də təxminən 6 %-ə yaxın olduğu açıqlanıb. Yanvarın 1-dən minimum əməkhaqqların 16%, minimum əmək pensiyasının 14.3 % artırılması, son 2 ilin, yəni daha əvvəlki artımdan bu yana əməkhaqqı və pensiya artımının inflyasiya faizlərinə adekvat hesab edilə bilərmi?

İqtisatçı ekspert Xalid Kərimli mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, minimum əməkhaqqının artırılması zamanı ötən iki ilin (2023-2024) inflyasiyası təxminən nəzərə alınıb:

“Pensiyaların artımı isə hökumətin siyasətinə uyğun olaraq işçilərin əməkhaqqı səviyyəsinə görə müəyyən edilir. Yəni ölkədə pensiyaların indeksasiya sistemi mövcuddur və bu sistem pensiyanın növündən asılı olmayaraq (yaşa, əlilliyə, ailə başçısının itirilməsinə və qulluq pensiyasına görə) bütün pensiyaların hər il artırılmasını nəzərdə tutur. Pensiyaların artırılması zamanı hansı faiz əsas götürülür desək, həmin il ərzində muzdlu işçilərin orta aylıq əməkhaqqısına uyğun indeksasiya aparılır. Məsələn, hazırda dəqiq statistika məlum olmasa da artım təxminən 7.5-8% civarında olacaq və bu rəqəmlər fevralın ilk on günlüyündə dəqiqləşəcək. Bundan sonra pensiyalar müvafiq olaraq artırılacaq”.

Ekspert əlavə edib ki, minimum pensiyaya gəlincə, bu o deməkdir ki, pensiya hüququ olmayan və ya çox az pensiya alan şəxslərə hökumət müəyyən edilmiş minimum məbləği ödəyir:

“Yəni hökumət bildirir ki, müəyyən bir həddən aşağı pensiya verilməyəcək və bu məbləğ ən azı 320 manat təşkil edəcək. Hökumətin hər il əməkhaqlarını artırmaq kimi bir qanunvericilik öhdəliyi yoxdur. Məsələn, keçən il minimum əməkhaqqı artırılmayıb. Həm də ki, minimum əməkhaqqının inflyasiyaya uyğun artırılması ilə bağlı konkret bir öhdəlik də mövcud deyil. Bunun əksinə, pensiyaların əməkhaqqına indeksasiya sistemi mövcuddur. Muzdlu işçilərin orta aylıq əməkhaqqısına uyğun indeksasiya və pensiya kapitalının inflyasiyaya uyğun artırılması həyata keçirilir.

Belə ki, vətəndaşlar əməkhaqqı aldıqca ödədikləri vergilərdən pensiya fonduna vəsait köçürülür və bu onların pensiya kapitalını formalaşdırır. Hər il inflyasiya nəzərə alınaraq vətəndaşların pensiya kapitalı artırılır ki, yığılan məbləğin dəyəri düşməsin”.

Xalid Kərimli vurğulayıb ki, minimum əməkhaqqının artırılması məsələsi ciddi təhlillər nəticəsində qərarlaşdırılır.

 “Çünki əməkhaqqı səviyyəsi ölkənin əmək məhsuldarlığı və gəlirləri ilə bağlıdır, yalnız qiymət artımı ilə əlaqəli deyil. Qiymətlərin artması əməkhaqqının dərhal artırılmasını zəruri etmir, çünki dövlətin və iqtisadiyyatın imkanları da nəzərə alınmalıdır. Minimum əməkhaqqı dövlət büdcəsi ilə deyil, əsasən özəl sektorla bağlı məsələdir. Özəl sektor əməkhaqqını ödəyə bilmədikdə işçiləri işdən çıxara bilər. Buna görə də minimum əməkhaqqının artırılması zamanı əmək məhsuldarlığı, inflyasiyanın təsiri və özəl sektorun bu yükü daşıya bilmə qabiliyyəti nəzərə alınır”.

Fidan

Seçilən
2
avtosfer.az

1Mənbələr