İngiltərə yığmsının isveçli keçmiş baş məşqçisi Sven-Yoran Eriksson ölümündən sonra çoxmilyonluq borclarını geridə qoyub.
Arena.az bu barədə “Göteborgs-Posten” qəzetinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, məşqçinin əmlakının tam siyahıya alınması İsveç Vergi Agentliyinə təqdim edilib. Bu sənədlərdən məlum olub ki, Eriksonun öldüyü zaman ümumi aktivləri 5,8 milyon ABŞ dolları, borcları isə 10,51 milyon ABŞ dolları məbləğində olub. Borclar vərəsələr arasında bölüşdürülməyəcək, çünki İsveç qanunlarına görə borclar miras olaraq qalmır.
Xatırladaq ki, Eriksson 2024-cü ilin avqustunda mədəaltı vəzi xərçəngindən 76 yaşında vəfat edib.
1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoriya” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.
2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.