Kanada hökuməti, ABŞ-ın taxıl ticarəti ilə məşğul olan "Bunge" şirkətinin "Glencore" tərəfindən dəstəklənən "Viterra" ilə 34 milyard dollarlıq birləşməsini şərti olaraq təsdiqləyib.
Valyuta.Az xəbər verir ki, bununla da, iki şirkət arasında 2023-cü ilin iyun ayında əldə olunan razılaşmadan sonra qlobal kənd təsərrüfatı bazarının son illərdəki ən böyük birləşmələrindən birinin qarşısındakı əsas maneələrdən biri də aradan qaldırılıb.
Kanadanın Nəqliyyat Nazirliyinin açıqlamasına görə, təsdiqin şərtləri arasında "Bunge"nin Qərbi Kanadada yerləşən altı taxıl qaldırıcı (ixrac terminalı) obyektini əlindən çıxarması və növbəti beş il ərzində Kanadada ən azı 520 milyon Kanada dolları (362 milyon ABŞ dolları) məbləğində sərmayə yatıracağına dair hüquqi öhdəlik götürməsi yer alır.
Nazirlik əlavə edib ki, təsdiq, "Bunge"nin Səudiyyə Ərəbistanına məxsus taxıl şirkəti "G3"dəki azlıq payı ilə bağlı ciddi və hüquqi məcburi nəzarətlərin tətbiq edilməsini də tələb edir. Bu nəzarətlər "Bunge"nin "G3"ün qiymət siyasəti və ya investisiya qərarlarına təsir edə bilməməsini təmin etməyə yönəlib. "Bunge", "Viterra" və "G3" şirkətləri Qərbi Kanadada mövcud olan taxıl anbarlarının üçdə birini təşkil edir.
2023-cü ildə elan edilən bu birləşmə, borc daxil olmaqla 34 milyard dollar dəyərində qlobal bir taxıl ticarəti və emal nəhəngi yaradacaq. Yeni qurulacaq şirkət, əsas rəqibləri olan "Archer-Daniels-Midland" və "Cargill" ilə daha bərabər miqyasda rəqabət aparmağa imkan verəcək.
Səhmdarlar tərəfindən təsdiqlənmiş razılaşma, birləşmiş şirkətin növbəti illərdə bioyanacaq istehsalı üçün soya paxlası və kanola yağına olan tələbatın artımından rəqiblərinə nisbətən daha çox faydalanmasına şərait yaradacaq. Bununla yanaşı, sektorda baş verən bu cür birləşmələr fermerlərin məhsulları üçün daha az alıcı tapmasına səbəb ola bilər.
Kanadanın antiinhisar müşahidə orqanı aprel ayında bu razılaşma ilə bağlı narahatlığını ifadə etmiş və hüquqi öhdəlik daşımayan bir hesabatda, bu əməliyyatın Qərbi Kanadada taxıl alışı və Şərqi Kanadada kanola yağı satışı üzrə rəqabətə zərər verə biləcəyini qeyd etmişdi.
Nəqliyyat Nazirliyi isə bildirib ki, müəyyən olunmuş şərtlər bu satınalma prosesinin ictimai maraqlar baxımından yaratdığı narahatlıqları aradan qaldırıb. "Bunge" şirkətinin baş icraçı direktoru Qreq Hekman (Greg Heckman) Kanadada heç bir əlavə tədbirə ehtiyac olmadığını bildirib. Nəqliyyat naziri razılaşmanı təsdiqləyərkən ədalətli qiymətlərin və bazar sabitliyinin qorunması məqsədilə Orta və Atlantik Kanadadakı bəzi kanola yağı alıcıları üçün qiymətlərin qorunması proqramının yaradılmasını şərt olaraq qoyub.
Nəqliyyat naziri Anita Anand açıqlamasında, “Bu qərar Kanadada iqtisadi artımı təşviq edərkən, rəqabəti və ictimai maraqları qorumaq üçün güclü bir nəzarətin əhəmiyyətini vurğulayır”, - deyə bildirib.
Rəhim