Dəm qazından boğulma halları soyuq havalarda gələn ən aktual məsələlərdəndir.
Bir neçə müddətdir ölkəmizin fərqli-fərqli bölgələrindən dəm qazından boğulma barədə xəbərlər yayılır.
Bu barədə Hit.az-a təhlükəsizlik üzrə ekspert Nail Qurbanov açıqlama verib.
Onun sözlərinə görə, əgər evdə qaz təsərrüfatı mövcuddursa, təhlükəsizlik məsələləri həmişə prioritet olmalıdır:
“Qazın təhlükəsiz istifadəsi təmin edilməlidir, çünki qazın düzgün yanması üçün kifayət qədər oksigen lazımdır. Ən vacib məqam isə havalandırmadır. Qaz cihazlarının olduğu mühitdə öncə havalandırmanın düzgün təşkil edilməsinə diqqət yetirilməlidir.
Otağın ölçüləri də nəzərə alınmalıdır. Məsələn, iki gözlü qaz sobası olan otaqda minimum sahə 8 kvadrat metr, üç gözlü qaz sobasında 12 kvadrat metr, dördgözlü qaz sobasında isə 15 kvadrat metr olmalıdır. Əgər otaqda su qızdırıcı da varsa, bu halda otağın həcmi ən azı 20 kvadrat metr olmalıdır. Otaqda hava dövranının düzgün olması vacibdir, həmçinin, tüstü bacasının işlək vəziyyətdə olması da gözlənilən şərtdir.
Eyni zamanda, havalandırmanın düzgün olması mütləqdir. Tüstü bacasının işlək vəziyyətdə olduğuna əmin olmaq üçün, ildə ən azı iki dəfə yoxlanılmalıdır. Həmçinin, insanlar özləri də tüstü bacasının vəziyyətini yoxlamaq üçün kiçik bir test edə bilərlər; məsələn, kağız parçası yandıraraq tüstü bacasının necə işlədiyini yoxlaya bilərlər. Əgər tüstü bacası uzun müddət təmizlənməyibsə, o zaman düzgün işləməyəcəkdir. Sovurma qabiliyyətinin itməsi yanma prosesinin pozulmasına səbəb olur və bu, dəm qazının əmələ gəlməsi riskini artırır. Bu məsələyə ciddi yanaşmaq çox vacibdir”.
Murad